Baş nazir: "Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"


Siyasət 12 Mar 2018 16:05:17 244 0

Baş nazir: "Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"

Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

G.Kvirikaşvili bildirib: "Hörmətli cənab Prezident. Səmimi qəbul üçün Sizə minnətdarlığımı bildirirəm. Şadam ki, bu səfər baş tutdu. Bu, bizim üçün xüsusi bir hadisədir. Çünki Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Sevindirici haldır ki, bizim iqtisadi əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Keçən il ikitərəfli münasibətlər xüsusi inkişafla yadda qaldı".

Baş nazir qeyd edib ki, Azərbaycan Gürcüstan üçün birinci investisiya tərəfdaşıdır: "Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə də Azərbaycan Respublikası Gürcüstan üçün birinci yerdədir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür. Regional formatlarda əməkdaşlığımız çox vacibdir. Həm siyasi məsləhətləşmələr, həm də qlobal formatda əməkdaşlığımız mövcuddur".

O vurğulayıb ki, Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir: "Bu, bizim strateji əlaqələrimizin göstəricisidir. Azərbaycanın ilk respublika elan olunmasının 100 illiyini təbrik edirəm. Bu, həm Gürcüstan, həm də Azərbaycan Respublikası üçün çox mühüm tarixdir. Ümid edirəm ki, biz bunu layiqli şəkildə qeyd edəcəyik. Bir daha səmimi qəbul üçün minnətdarlığımı bildirirəm".