Türkmənistan prezidentinin oğlunun deputatlığa namizədliyi yenidən irəli sürülüb


Dünya 12 Mar 2018 13:50:45 237 0

Türkmənistan prezidentinin oğlunun deputatlığa namizədliyi yenidən irəli sürülüb

Qanunverici orqandakı 125 yer uğrunda 284 namizəd mübarizə aparacaq

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun parlamentin üzvü olan oğlu Sərdar Berdiməhəmmədovun deputatlığa namizədliyi yenidən irəli sürülüb.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, martın 25-də ölkədə parlament seçkiləri keçiriləcək.

Qanunverici orqandakı 125 yer uğrunda 284 namizəd mübarizə aparacaq.

S.Berdiməhəmmədovla yanaşı, 30 deputat, o cümlədən 2007-ci ildən Türkmənistan parlamentinin sədri olan Akca Nurberdıyeva və onun müavini Gülcan Məmmədova da namizədliklərini yenidən irəli sürüblər.

36 yaşlı S.Berdiməhəmmədov hazırda parlamentin üzvüdür. O, Məclisin Qanunverici və normalar komitəsinin sədridir.

Prezidentin oğlu 2017-c ilin yazında və yayında xarici ölkələrə, o cümlədən Rusiyaya rəsmi səfərlər edib.

Bu seçkilərdə Türkmənistan tarixində ilk dəfə olaraq 3 siyasi partiyanın nümayəndələri iştirak edəcək. Hakim Demokrat Partiyası ilə yanaşı Sənayeçilər və Sahibkarlar Partiyası və Aqrar Partiya da martın 25-də keçiriləcək seçkidə parlamentdə yer qazanmaq uğrunda mübarizə aparacaqlar.