Rüşvət almaqda təqsirləndirilən sabiq gömrük əməkdaşı Ali Məhkəməyə müraciət edib


Sosial 12 Mar 2018 11:30:13 252 0

Rüşvət almaqda təqsirləndirilən sabiq gömrük əməkdaşı Ali Məhkəməyə müraciət edib

Kassasiya şikayəti üzrə məhkəmə martın 13-nə təyin edilib

Rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Muxtar Qasımovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Kassasiya şikayəti üzrə məhkəmə martın 13-nə təyin edilib. Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Aman Muhamməd Baylyyev, Neman Abasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanov 2016-cı ildə saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.3.3-ci (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslərdən biri - A.Baylyyev Türkmənistan vətəndaşı, 5-i - N.Abasov, A.Kazımov, Aytəkin Tağıyeva, M.Qasımov və Ziyafət Qurbanov isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.

Təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abasov saxlanılarkən barələrində həbs qətimkan tədbiri seçilmişdi. Digər 4 nəfər isə (A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova) zamində olublar. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli biliniblər.

DGK-nın keçmiş əməkdaşı N.Abasov məhkəmədə verdiyi ifadəsində digər təqsirləndirilən Z.Qurbanovdan 2200 dollar rüşvət aldığını etiraf edib.

M.Qasımov məhkəmədə dindirilən zaman qeyd edib ki, bu işlə əlaqədar N.Abasovdan pul almayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Baylyyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində 1 il sınaq müddəti təyin edilib və Türkmənistan vətəndaşı 6 il şərti cəzaya məhkum edilib. N.Abasov 9 il müddətinə azadlıqdan məhrum olunub.

Zamində olan digər şəxslər - A.Kazımov və M.Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Tağıyeva və Z.Qurbanov isə şərti cəzaya məhkum olunublar. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib. Hökmdən narazı qalan N.Abasov, A.Kazımov və M.Qasımov apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hər üç təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökm dəyişdirilib. Belə ki, N.Abasovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə, A.Kazımovla M.Qasımovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəcası isə 3 il 6 aya endirilib.