Ərdoğan NATOnu sərt tənqid edib


Dünya 11 Mar 2018 20:09:00 273 0

Ərdoğan NATOnu sərt tənqid edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstək verməyən NATO-nu sərt tənqid edib.

Son.az APA-ya istinadən xəbər verir ki, sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Bolu rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, Türkiyə NATO-nun çağırışına əsasən Əfqanıstan, Balkanlar, Kosova və digər yerlərdə sülhyaratma missiyalarında iştirak edib.

Bu gün NATO üzvü olan Türkiyənin Suriya sərhədi boyu terror təhdidi ilə üzləşdiyini söyləyən R. T. Ərdoğan NATO-nun Türkiyəyə dəstək verməməsini yolverilməz sayıb: "Türkiyə NATO üzvü kimi hər zaman üzərinə düşən vəzifəni yerinə yetirib. NATO nə vaxta qədər Suriyada baş verənlərə biganə qalacaq? NATO sərhədləri Suriya ərazisindən terrorçuların hücumlarına məruz qalan Türkiyəyə nə zaman dəstək verməyi planlaşdırır? Nə vaxta qədər mən belə çağırışlarla çıxış etməliyəm?"