Yaz mövsümündə arılara qulluq mütəxəssis məsləhəti FOTO


Digərləri 11 Mar 2018 01:30:00 438 0

Yaz mövsümündə arılara qulluq  mütəxəssis məsləhəti  FOTO

Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.

Son.az bildirir ki, iyirmi ildən çoxdur arıçılıq sahəsində fəaliyyət göstərən Tərtər rayon sakini Hidayət Ağayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görülməli olan işlərdən danışıb.

Arıçı mütəxəssis bildirib ki, arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti vermək lazımdır. Şərbət pətəklərə qablarda qoyulur. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot salmaq lazımdır. Pətəklərə şəkər şərbətinin verilməsində məqsəd ana arının yumurta qoyma qabiliyyətini artırmaqdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Hidayət Ağayev bildirib ki, arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Pətəkdə sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyinin işarəsidir. Cavan və səmərəli ana boşluq buraxmadan yumurta qoyur. Yaşlanmış, yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir.

Mütəxəssis arı xəstəliklərindən danışarkən qeyd edib ki, yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək də vacibdir. "Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür. Pətəkdəki arakəsmələr, çərçivələrin üstü, pətəyin daxili divarları və uçuş bacasının ətrafı arıların ifrazatı ilə çirklənibsə, bu, nozematoz və ya ishal xəstəliyinin göstəricisidir. Bu xəstəlik arıların bağırsağında inkişaf edir. Xəstə arıların uçma qabiliyyəti azalır, şan üzərində dayana bilməyib pətəyə tökülərək onun içərisində və ətrafında sürünürlər. Xəstəliyin müalicəsində nozemat, nozematol, fumaglin, okstetrasiklin, bitsilin kimi preparatlardan istifadə olunmalıdır", - deyə tərtərli arıçı vurğulayıb.


Xəbərə aid fotolar