Almaniyanın yeni hökuməti formalaşdı


Dünya 10 Mar 2018 23:57:00 255 0

Almaniyanın yeni hökuməti formalaşdı

Almaniyada bundestaqa seçkilərdən 5 ay sonra, nəhayət, federal hökumət formalaşıb.

"Allaha şükür olsun ki, kanslerin idarəsi bizim əlimizdə qaldı". Angela Merkelin tərəfdarları olan bəzi siyasətçilər maliyyə nazirliyi kimi əhəmiyyətli bir qurumun sosial-demokratların əlinə keçəcəyini biləndən sonra onlar koalisiya danışıqlarının yekunlarını məhz bu cür acı istehza ilə şərh ediblər. Əks halda koalisiya yaratmaq mümkün olmazdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, indi hesab edirlər ki, Merkelin mövqeyi zəifləyib. Bəs o, 4 illik müddəti başa çatandan əvvəl gedəcəkmi? Merkel deyir ki, belə olmayacaq.

İndi isə AFR-in yeni federal hökumətinin tərkibini təqdim edirik.

59 yaşlı Olaf Şolts yeni maliyyə naziridir. Sosial-demokrat Şolts öz sələfi, XDİ-dən olan Volfqanq Şoyblenin büdcədə kəsirə yol verməmək işini davam etdirməlidir, lakin bu məsələ onu çəkindirmir. Şolts iqtisadiyyatın artımı fonunda yeni borclar alınmasını planlaşdırmır. Bu öhdəlik koalisiya müqaviləsində qeydə alınıb, hərçənd bu cür iqtisadiyyat sosial-demokratların heç də hamısının xoşuna gəlmir. Olaf Şolts həm də yeni nazirlər kabinetində vitse-kansler olacaq.

Xarici İşlər Nazirliyinin indiki rəhbəri Ziqmar Qabriel əmin idi ki, partiya üzrə həmkarları onun bu vəzifədə qazandığı uğurları qiymətləndirəcək və onun namizədliyini dəstəkləyəcəklər. Lakin partiyadaxili mübarizə nəticəsində bu vəzifə gözlənilməz bir namizədə - indiki ədliyyə naziri, sosial şəbəkələrdə hüquqların qorunması barədə qanunun qəbul edilməsi ilə fərqlənmiş 51 yaşlı Hayko Masa qismət oldu. Tənqidçilər bu qanunun az qala internetdə senzur dövrünün başlanması hesab edirlər.

68 yaşlı Horst Zeyehofer 10 ilə yaxın müddətdə Bavariyanın rəhbəri olub. İndi bu siyasətçi daxili işlər naziri kürsüsünə sahib olacaq. Bu qurumun adı dəyişdiriləndən sonra "Daxili İşlər, Tikinti və Regional İnkişaf Nazirliyi" adlanacaq. Hazırda onu qeyri-rəsmi şəkildə "Vətən Nazirliyi" adlandırırlar.

Ursula fon der Lyayen müdafiə naziri vəzifəsində işini davam etdirəcək. XDİ partiyasından olan 59 yaşlı siyasətçi ordunun yenidən təchiz edilməsi məsələsinin öhdəsindən gəlməli və NATO ölkələrinin müdafiə büdcəsini ölkənin ümumi daxili məhsulunun 2 faizinə qədər artırmaq vədini yerinə yetirməlidir. Ursula fon der Lyayen alyansın baş naziri vəzifəsinə irəli sürülməsi ehtimal olunan namizəd hesab edilir. Bu vəzifəyə seçkilər iki ildən sonra keçiriləcək.