ADR–100: Bakının azad edilməsi


Digərləri 10 Mar 2018 22:24:00 316 0

ADR–100: Bakının azad edilməsi

Sentyabrın 1-də Qafqaz İslam Ordusunun yaxın zamanda Bakını azad edəcəyi artıq aydın idi. Ordunun gəlişindən Bakını günlər, ya da aylar ayırırdı. Hər şey ingilislərin şəhərin müdafiəsini davam etdirmək, yoxsa etdirməmək istəyindən asılı idi.

Sentyabrın 1-də Lionel Denstervil Akop Baqratunidən (həmin vaxt bilavasitə cəbhə komandanı idi) ingilis qoşunlarının dərhal Bakıdan çıxarılması və şəhərin türklərə təslim edilməsi üçün "Sentrokaspi" Diktaturasına təzyiq göstərməyi tələb etdi. 

Son.az oxu.az-a istinadən bildirir ki, Denstervilin yazdığına görə, cəbhə xəttində yalnız britaniyalı hərbçiləri görmək olurdu və onlar yorulub postlarını tərk etdikdə, türklər həmin mövqeləri tuturdu.

Cəbhə xəttində başqa qoşunlara rast gəlmək mümkünsüz idi, halbuki Baqratuni şəhərdə əlavə qüvvələrin olduğunu dəfələrlə qeyd edirdi.

Britaniya komandanlığı ilə Diktatura arasında ingilis qoşunlarının Bakıdan çıxarılması ilə bağlı danışıqlar başladı; proses iki həftəyə yaxın davam etdi. Diktatura kanonyorkaları ilə (orta kalibrli topları olan itigedən sahil mühafizə gəmisi) Britaniya qoşunlarının çıxarılmasına əngəl ola bilərdi, ancaq döyüşlərin gedişinə təsir etmək durumunda deyildilər.

Cəbhənin qarşı tərəfində Qafqaz İslam Ordusu Bakıya daxil olmağa hazırlıqlar görürdü. 

Sentyabrın 2-də Rəsulzadə İstanbuldan xarici işlər naziri Hacinskiyə yazırdı:

"Bakının azad olunması üçün son dərəcə ciddiyyət və cəsarət göstərməlisiniz".

Həmin dönəmdə neft və neft məhsulları üst-üstə yığılırdı və heç yerə çıxarılmırdı. Motivasiyanın artırılması üçün 1918-ci il, sentyabrın 3-də Türkiyə sultanı Qafqaz İslam Ordusunun şəxsi heyətinin mükafatlandırılması haqqında fərman verdi.

Mükafatlandırılanlar arasında Bakı soveti qoşunları ilə döyüşlərdə şücaət göstərmiş 19 azərbaycanlı zabit vardı. Həmin vaxt populyarlaşmaqda olan şair Əhməd Cavad səngərlərdə olarkən Qafqaz İslam Ordusuna həsr olunmuş şeirlər yazırdı.

Rusiya Bakının qaytarılması üçün hələ də əlindən gələni edirdi. Belə ki, Dəniz Məsələləri üzrə Xalq Komissarlığına vurduğu teleqramda bunları yazırdı:

"Cənub və Xəzər dənizi uğrunda mübarizə gedir. Bütün rayona nəzarəti əldə saxlamaq üçün yüngül tipli bir neçə mina gəmisinə və iki sualtı qayığa ehtiyac var".

Ancaq bu ideya elə kağızda qaldı. Xəzər dənizinə heç bir sualtı gəmi daxil olmadı.

Diktatura ilə Denstervil arasında danışıqlar daxili siyasətdə qeyri-müəyyən vəziyyətə görə uzanırdı. Belə ki, avqustun sonunda - sentyabrın əvvəlində keçirilən və bolşeviklərin fəal şəkildə əleyhinə boykot çağırışı ilə çıxış etdiyi Bakı Soveti seçkilərində (səsvermə hüququ olanların 30-50 faizi seçkilərdə iştirak etmişdi) həmin vaxt həbsdə olan doqquz bolşevik Sovetə üzv seçildi.

Onlar toxunulmazlıq statusu əldə etdiklərinə görə azad edilməli idilər. Sovetdə davanın düşməsinə baxmayaraq, onların sərbəst buraxılmasına icazə verən olmadı. Bu mübahisələrin ən pik vaxtında, gözlənilmədən Diktaturada ingilislərə təzyiq göstərmək və Bakı uğrunda mübarizənin gedişini dəyişmək üçün stimul meydana çıxdı.

Faktiki olaraq iki gün ərzində Bakı limanına paroxodlar daxil olmağa başladı. İlk öncə Bakı limanına bir paroxod daxil oldu. Yerli əhali nədənsə bunu Biçeraxovun göndərdiyi yardım kimi qəbul etdi. Ancaq sonradan məlum oldu ki, sən demə, bu, sərnişin paroxodu imiş və Bakıdan qaçmağa çalışan, lakin məcburi şəkildə geri qaytarılan 500 sakini daşıyır.

Şəhərə əlavə qüvvələrin göndəriləcəyi ilə bağlı şayiələr yayılmışdı. Növbəti gün, sentyabrın 12-də Biçeraxovun göndərişi ilə Bakıya 500 nəfərlik şəxsi heyət və 10 pulemyotdan ibarət yardım göndərildi.

Əvvəl hamı onların kazaklar olduğunu düşünsə də, sonradan onların Biçexarovla bir çıxıb gedən, ancaq Dağıstanda quldurluq və soyğunçuluqdan başqa heç nə ilə yadda qalmayan, ona görə də geri göndərilən ermənilər olduğu ortaya çıxdı. Ancaq belə yardım vəziyyəti heç cür dəyişə bilməzdi.

Şəhərin azad olunmasına bir gün qalmış, hökumət sentyabr 17-də Qurban bayramının keçirilməsi haqqında qərar çıxarır, daha sonra isə Bakını idarə edəcək dövlət orqanlarının qurulmasına girişir. Bakı qradonaçalnikliyinin və quberniyasının maliyyələşmə sxemləri təsdiqlənir. 

Daha əvvəl, Bakının azad olunmasından təxminən səkkiz gün qabaq Bakı şəhər məktəblərində təhsil alanlara kreditlərin verilməsi qaydaları asanlaşdırılır. Bununla yanaşı, hökumət Bakı əhalisinin beynəlmiləl olmasını nəzərə alaraq, məktəblərdə oxuyan qeyri-müsəlmanlara "Allah Qanunu" (mayda Bolşeviklər tərəfindən ləğv olunmuşdu) və ana dili fənninin tədris olunması haqqında qərar qəbul edir.

Bu fənlərin tədris olunması üçün sinifdə həmin millətdən olan nümayəndələrin sayı 10 nəfərdən çox olmalı idi.

Bütün bunlar onunla yekunlaşdı ki, 13 sentyabr, axşam saatlarında Nuru Paşa hərbi hissələrə Bakıya girmək əmrini verdi. Britaniyalıların hücum vaxtından bixəbər olmasına və müdafiə planı hazırlamalarına baxmayaraq, məlum oldu ki, Ermənistan hissələrinin əksəriyyəti cəbhə xəttini müdafiəsiz qoydu.

Britaniyalılar və kiçik fəhlə dəstələri təkbaşına müqavimət göstərməli oldu. Gün ərzində davam edən döyüşlərdən sonra, demək olar ki, bütün britaniyalılar cəbhə xəttindən geri çəkildi və keçidlərdə qərarlaşdı.

Sentyabrın 15-nə keçən gecə onlar Bakını tərk etdilər:

"Allahın köməyilə 30 saatlıq şiddətli müharibədən sonra, 15 sentyabr 1918-ci ildə, saat 9:00 radələrində Bakı azad olunub".

Bakının azad olunmasına görə rəğbətləndirmə addımı olaraq, zabitlərin maaşı 150% artırıldı, əsgərlərə isə ayda 30 manat əməkhaqqı təyin olundu.

Bakıya daxil olduqdan sonra hökumət birbaşa olaraq öz işinin icrasına başlamalı idi. Artıq dövlətin normal fəaliyyəti üçün şərait var idi. Demək olar ki, dərhal dövlət məmurlarının əsas problemləri həllini tapdı: sentyabrın 18-də hökumət üzvlərinə dövlət tərəfindən mənzillər ayrıldı.