DİM: "57 namizəd müsahibəyə gəlməyib"


Digərləri 10 Mar 2018 12:32:59 224 0

DİM: "57 namizəd müsahibəyə gəlməyib"

2018-ci il martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 və 26 yanvar tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

DİM-dən Son.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla 12 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 95 müsahibədən 38-i aparılıb, 57 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 18-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Məlumatda bildirilir, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.