İşəgötürənlər əmək haqqının ödənilməsinin forma və qaydaları haqqında məlumatlandırılıb


Digərləri 09 Mar 2018 20:06:23 197 0

İşəgötürənlər əmək haqqının ödənilməsinin forma və qaydaları haqqında məlumatlandırılıb

Əmək haqqının ödənilməsinin forma və qaydaları, əmək haqqından tutulmalar barədə işəgötürənlərə məlumatlar verilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair növbəti məlumatlandırma tədbiri kimi, Abşeron rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə ilk növbədə əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplərdən bəhs olunub. Əmək haqqının illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətlərinin də müəyyən edilə bildiyi diqqətə çatdırılıb. Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi barədə də iştirakçılar ətraflı məlumatlandırılıb.