Yaponiyalı professorun azərbaycanlı tələbələrlə görüşü olub


Digərləri 09 Mar 2018 19:38:16 208 0

Yaponiyalı professorun azərbaycanlı tələbələrlə görüşü olub

Prezident yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib.

Bakı. Prezident yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki səfirliyi və ADA Universiteti birgə təşkilatçılığı ilə “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başladıqlarını qeyd edərək, belə tədbirlərin cəmiyyətin bilikləndirilməsi baxımından yüksək əhəmiyyətə malik olduğunu deyib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri haqqında danışaraq, Fondun nəzdində fəaliyyət göstərən "Diplomatlar" klubundan söz açıb. R.Həsənov xüsusən beynəlxalq əlaqələr sahəsinə təhsil alan gəncləri kluba üzv olmağa dəvət edib və onların ölkənin dünyada tanıdılması işinə töhfələr verəcəyinə inandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi elmi, savadı, intellektual səviyyəsi, dövlətçilik sevgisi ilə nümunəvi davranış sərgiləyir və belə münasibətin daha da inkişafı istiqamətində Fond maraqlı layihələrə imza ata bilər.