"Subyektiv mülahizələr seçkinin nəticələrinə və Azərbaycanın inkişafına təsir göstərməyəcək"


Siyasət 09 Mar 2018 19:07:00 246 0

"Subyektiv mülahizələr seçkinin nəticələrinə və Azərbaycanın inkişafına təsir göstərməyəcək"

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyasına müşahidəçi funksiyasını həyata keçirdiyi üçün minnətdardır, amma Azərbaycan üçün əsas ölkənin Seçki Məcəlləsi, seçicinin sözü və seçkinin nəticəsidir.

Son.az bildirir ki, bunu Trend-ə  politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqovun sözlərinə görə, prezident seçkilərində müşahidəçilərdən yalnız obyektiv və ədalətli yanaşma gözləmək lazımdır:

"Onlar əvvəlki prezident seçkilərində də iştirak ediblər. O zaman kifayət qədər sağlam fikirlər, obyektiv qiymətləndirmələr səsləndirilsə də, bəzi subyektiv mülahizələr də var idi".

Politoloq qeyd edib ki, indi də hansısa xırda, prinsipial əhəmiyyət daşımayan faktları nəzərdən keçirənlər olacaq, amma Azərbaycan üçün əsas bu yox, seçicilərin etdiyi seçimdir:

"Ona görə də onlar istənilən nəticəyə gələ bilər, bu onların hüququ, funksiyası və məqsədidir. Amma Azərbaycan üçün ilk növbədə seçicilərin səsverməsinin yekunları vacibdir".

Missiyanın indiki fəaliyyətini şərh edən politoloq təəssüflə qeyd edib ki, bir sıra müşahidəçilər ölkəyə seçkilərin nəticələrini obyektiv dəyərləndirmək məqsədilə yox, qərəzlə gəlirlər.

F.Sadıqovun sözlərinə görə, bu onunla əlaqədardır ki, Azərabaycanın siyasi reallıqlarına tənqidi yanaşan və ölkədə sabitliyin pozulması ilə bağlı müəyyən ssenarilər hazırlayan xarici qüvvələr mövcuddur:

"Aydındır ki, bu müşahidəçilərin arxasında dayanan siyasi qüvvələr var. Azərbaycana bu yaxşı məlumdur. Bu, ölkədəki sabit vəziyyətdə maraqlı olmayan və onu pozmağa çalışan qüvvələrdir. Onlar Azərbaycanın digər inkişaf yolunu, ona şərtləri diqtə edən və öz inkişaf parametrlərini təbliğ edən hansısa bir güclü ölkənin və ya siyasi qüvvələrin maraqlarına tabe olduğunu görmək istərdilər".

F.Sadıqov hesab edir ki, bu aspektdə müxtəlif subyektiv mülahizələr bu dəfə də istisna olunmamalıdır:

"Amma Azərbaycanda seçki kampaniyasında əsas element onlar deyil. Seçici öz seçimini edir. Və bu cür mülahizələr çətin ki, seçkinin nəticələrinə və bütün seçki kampaniyasına, xüsusilə də ölkənin inkişafının gedişatına təsir göstərsin".

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.