Azərbaycanda böyrək alqısatqısı olub?


Digərləri 09 Mar 2018 17:18:00 211 0

Azərbaycanda böyrək alqısatqısı olub?

"Son 10 il ərzində Azərbaycanda böyrəklərin alqı-satqısı halı qeydə alınmayıb. Mən bunu tam qətiyyətlə deyirəm".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin "Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi" komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

"Azərbaycan vətəndaşları başqa ölkələrdə - Pakistanda, İranda, Türkiyədə yazılı izahat verməklə öz böyrəklərini könüllü olaraq kiməsə vermək üçün əməliyyat aparıblar. Lakin son 10 ildə Azərbaycanda belə hal olmayıb. Camaat bu barədə danışsa da, bunların heç bir əsası yoxdur. Çünki Azərbaycanda transplantasiya üçün qohum olmayan şəxslərin böyrəyindən istifadə olunmur. Heç bir tibbi mərkəzdə belə bir əməliyyat aparılmayıb".

Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizovun orqan transplantasiyası üçün orqanların alqı-satqısına qanuni şəkildə icazənin verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, bu təklif insanların sağlamlığına yönəlib. Amma bununla bağlı prosedurun hüquqi bazası olmadığı üçün müəyyən neqativ hallar baş verə bilər: "Aydın məsələdir ki, həkimin işi böyrəkköçürmə əməliyyatını icra etməkdir. Bu prosedurun sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanmalıdır".

F.Babayev onu da əlavə edib ki, bu günə qədər 758 xəstəyə böyrək köçürülüb. Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub.