Şöbə müdiri: "Azərbaycanda orqan alqı-satqısına icazə verilməsi neqativ hallara səbəb ola bilər"


Sosial 09 Mar 2018 17:03:37 318 0

Şöbə müdiri: "Azərbaycanda orqan alqı-satqısına icazə verilməsi neqativ hallara səbəb ola bilər"

Onun sözlərinə görə, Azərbaycanda böyrəklərin transplantasiyası üçün qohum olmayan şəxslərdən donor böyrəyinin götürülməsi halı olmayıb

"Son 10 il ərzində Azərbaycanda böyrək alqı-satqısı halı qeydə alınmayıb. İnsanlar bu barədə danışsa da, deyilənlərin heç bir əsası yoxdur".

"Report" xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrəklərin transplantasiyası üçün qohum olmayan şəxslərdən donor böyrəyinin götürülməsi halı olmayıb: "Heç bir tibbi mərkəzdə belə bir əməliyyat aparılmayıb. Əvvəllər Azərbaycan vətəndaşları başqa ölkələrdə - Pakistanda, İranda, Türkiyədə yazılı izahat verməklə öz böyrəklərini könüllü olaraq kiməsə vermək üçün əməliyyat olunurdular. Lakin son 10 ildə ölkədə ümumiyyətlə belə hal qeydə alınmayıb".

Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun orqan transplantasiyası üçün orqanların alqı-satqısına qanuni şəkildə icazə verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, belə olarsa, bu sahədə müəyyən neqativ hallar baş verə bilər.

O qeyd edib ki, böyrək köçürülməsi ağır əməliyyatdır: "Burada düzgün böyrəyin seçilməsi vacibdir. Qanunvericiliyə əsasən, Azərbaycanda yalnız qohum və ailə üzvlərinin iştirakı ilə donorluq məsələsi həll oluna bilər. Lakin ailə üzvünün böyrəyinin də qohumu olan xəstəyə uyğunlaşmaması ehtimalı böyükdür. Müəyyən göstərişlər uyğun gəlmədiyi üçün xəstələrin əksəriyyətinə böyrəkköçürmə əməliyyatı mümkün olmur. Əsasən, cavan xəstələr və onlara qohum donor olan insanlara böyrəkköçürmə əməliyyatları aparılır".