Nazir müavini: Əhalinin 38 faizi aqrar sektorda çalışır


Digərləri 09 Mar 2018 14:45:00 226 0

Nazir müavini: Əhalinin 38 faizi aqrar sektorda çalışır

"Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir".

Bu gün Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Trend-ə verilən məlumata görə, görüşün məqsədi Cənubi Qafqazın kənd regionlarında davamlı inkişaf və enerji təhlükəsizliyi naminə təbii sərvətlərin və ətraf mühitin dayanıqlı idarə olunması sahəsində yeni əməkdaşlıq proqramının - “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi”və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələrinin müzakirəsi olub. İ.Quliyev Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, damazlıq heyvanların güzəştlə verildiyini, onların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduqlarını, həmçinin ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. Nazir müavini, Azərbaycanın tarixən əkinçilik və heyvandarlıqla məşğul olduğunu və əhalinin 38%-nin aqrar sektorda çalışdığını qeyd edib. O, həmçinin qeyd edib ki, Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda infrastruktur layihələr həyata keçirilir.