2015-ci ildən bəri AFFA-nın gəlirində 24,8 faiz artım olub


İdman 09 Mar 2018 13:56:00 272 0

2015-ci ildən bəri AFFA-nın gəlirində 24,8 faiz artım olub

Son 3 hesabat ilində AFFA-ya daxil olan vəsaitin məbləği 24,8 faiz artıb. Goal.az "Report"a istinadən xəbər verir ki, bu rəqəm 2015-ci ildə 22 milyon 126 min 244 manat olubsa, 2017-ci ildə 27 milyon 608 min 305 manat təşkil edib. Özü də 5,482,061 manatlıq artım əsas sponsor - SOCAR-dan daxil olan vəsaitlərin azalması fonunda baş verib.

İki il əvvəl milli assosiasiyanın büdcəsinə 12 milyon 900 min manat köçürən SOCAR 2016-cı ildə 11 milyon 189 min 490 manat veribsə, son hesabat ilində 8 milyon 234 min 150 manat maliyyə yardımı edib. SOCAR tərəfindən daxilolmaların tədricən azalmasına səbəb AFFA-ya FIFA və UEFA-dan ödəmələrin, eləcə də sponsor və digər gəlirlərin məbləğinin artmasıdır.

AFFA-ya 2015-ci ildə UEFA-dan 2 milyon 327 min 226, FIFA-dan isə 839 min 088 manat daxil olubsa, ötən il bu rəqəm müvafiq olaraq 6 milyon 260 min 268 və 2 milyon 718 min 896 manat təşkil edib.

İki il əvvəllə müqayisədə bir sıra mənbələrdən daxilolmalarda da ciddi artım müşahidə edilib. “A” milli komandanın yayım hüququnun məbləği 2 milyon 331 min 488 manatdan 5 milyon 955 min 600 manata yüksəlib.

2015-ci ildə “AzərİdmanServis”in ödənişi 1 milyon 796 min 516 manat olubsa, ötən ilin göstəricisi 2 milyon 538 min 981 manatdır. “Paşa Sığorta” 2015-ci il ilə müqayisədə 118 min çox vəsait ödəyibsə, yeni sponsor “Boulevard Hotel”dən daxil olan məbləğ 112 min 100 manat təşkil edib. AFFA-ya daxil olan digər gəlirlərin məbləği isə 352 min 816 manatdan 818 min 494 manata yüksəlib.

Bunun müqabilində “Bakcell” və “Coca Cola” şirkətlərindən daxil olan vəsaitin məbləği azalıb. Azalma müvafiq olaraq 255 min 457 və 83 min 267 manat olub. 

2017-ci ildə daxil olan vəsaitlərin 54,1%-i xarici mənbələr hesabına formalaşıb. Hesabatlarda daxil olan vəsaitlərin bölgüsündə yeni investisiyalar və infrastruktura aid gəlirlər nəzərdə tutulmayıb.