ABŞ-la Çin arasında "ticarət müharibəsi" gələn ay başlaya bilər


İqtisadiyyat 08 Mar 2018 15:58:00 236 0

ABŞ-la Çin arasında "ticarət müharibəsi" gələn ay başlaya bilər

Çin ciddi maliyyə böhranı ilə üzləşə bilər

ABŞ gələn aydan Çin mallarına yeni gömrük rüsumları tətbiq edə bilər. "Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlərin tətbiqi ilə bağlı son qərar aprel ayında veriləcək.

Agentliyin əldə etdiyi məlumata görə, ABŞ-ın Çinə qarşı belə davranışına səbəb, bu ölkənin ondan "intellektual oğurluq" həyata keçirməsidir. Yeni tariflərlə yanaşı, ABŞ-da Çin investisiyalarına da məhdudiyyətlər qoyulması gözlənilir.

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı ticarət müharibəsi elan etmək istəyindən imtina etməsi gözlənilmir. Belə ki, Trampın proteksionist qərarlarına qarşı çixan onun baş iqtisadi müşaviri Qeri Konun (Gary Cohn) istefa verməsi ilə azad ticarət tərəfdarlarının mövqeyi zəifləyib. Tramp son açıqlamasında bildirib ki, digər ölkələrdən geri qaldıqda ticarət müharibələri təhlükə kəsb etmir: "Biz 30, 40, 60 və hətta 100 mlrd. kəsirlə üzləşmişik, ticarət müharibələri bizə yox, onlara zərər verəcək".

"Bloomberg", ABŞ-ın Çindən idxal olunan geyim və elektronika mallarına rüsumlar tətbiq edəcəyini, amerikalılara Çində investisiya qoymağa icazə verilməyən sahələrdə, çinlilərə ABŞ-da qadağa qoyulacağının müzakirə edildiyini bildirib. 

"Report"un analitik qrupu ABŞ-ın Çinə qarşı "ticarət müharibəsi"nə başlaması durumunda, Çin iqtisaldiyyatında ciddi problemlər yaşanacağını proqnozlaşdırır. Belə bir vəziyyət, Çində iqtisadi böhrana səbəb ola bilər ki, nəticədə bu qlobal maiyyə böhranına çevrilə bilər.