Türkiyədə dollar bahalaşa bilər


İqtisadiyyat 08 Mar 2018 14:47:20 263 0

Türkiyədə dollar bahalaşa bilər

Buna səbəb "Moody's" Beynəlxalq Reytinq Agentliyinin son qərarıdır

Türkiyədə dolların məzənnəsində bahalaşma müşahidə oluna bilər. 

"Report" xəbər verir ki, buna səbəb "Moody's" Beynəlxalq Reytinq Agentliyinin bu gün səhər saatlarında Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsindən "Ba2"yə endirməsidir.

Belə ki, "Moody's" açıqlamasında Türkiyənin yüksək cari balans kəsiri, xarici borc və geosiyasi problemlərlə üzləşdiyini, dünya bazarlarında faizlərin artma ehtimallarının Türkiyənin xarici şok riskini artırdığını bildirib. Agentlik 2017-ci ildə Türkiyənin dövlət borcunun ÜDM-ə nisbətinin 28% təşkil etdiyini, "Ba1" kateqoriyasında olan ölkələrdə isə bu əmsalın orta hesabla 46% olduğunu qeyd edib.

"Moody's"in açıqlamasından sonra Türkiyədə dolların məzənnəsi 3,80 lirə səviyyəsini ötüb. İlin sonuna qədər məzənnənin 4 TRY/USD səviyyəsini ötməsi proqnozlaşdırılır. 

"Report"un analitik qrupu 2020-ci ilə qədər məzənnənin 5 TRY/USD, 2022-ci ilə qədər isə 6 TRY/USD səviyyəsini ötəcəyini ehtimal edir.