Gəncə sakinindən qaz tapançası, bıçaq, beşbarmaq və narkotik götürülüb


Sosial 08 Mar 2018 12:20:59 228 0

Gəncə sakinindən qaz tapançası, bıçaq, beşbarmaq və narkotik götürülüb

Faktlarla bağlı cinayət işləri başlanılıb

Martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.

Bundan əlavə, A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan isə 405 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.