Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri


Digərləri 08 Mar 2018 07:41:00 260 0

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Ekspert deyir ki, şagirdlərin sağlamlığı üçün hətta döşəməni silmək üçün istifadə olunan xlorun da tərkibi yoxlanılmalıdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür. Bu yazımızda orta məktəblərdə olan tibb otaqlarının vəziyyətini, necə təchiz olunduğunu, orada çalışan tibb bacısının fəaliyyətinin nədən ibarət olduğunu öyrənməyə çalışdıq.

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, həmin tibb məntəqələri uşaq yıxıldıqda və ya kəskin bir travma aldıqda ilkin yardımı göstərmək üçün məsuliyyət daşıyır: "Bütün uşaqların tibbi  vərəqəsi məktəbdə olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir". 

Ekspertdən tibb otağında zəruri olan avadanlıqların nələr olduğunu soruşduq. O bildirir ki, bütün antiseptik maddələrin olması vacibdir: "İlk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarımız hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir".

Həkim deyir ki, həmin tibb bacıları dərs bitənə qədər məktəbdə olmalıdırlar: "Bəzi məktəblər bir, bəziləri isə ikinövbəlidir. İşlədiyi məktəbin dərs saatından asılı olaraq, tibb bacısı bütün günü məktəbdə olmalıdır. Bunu da qeyd edim ki, əgər uşağın temperaturu qalxarsa və ya hər hansısa bir hadisə baş verərsə, tibb bacısının iynə vurmaq səlahiyyəti yoxdur. Amma yüngül dərmanlardan verə bilər".