"Onun arvadı, mənim məşuqəm olarsan...”


Digərləri 07 Mar 2018 21:05:00 266 0

"Onun arvadı, mənim məşuqəm olarsan...”

BBC jurnalisti deputat Slutski tərəfindən seksual qısnamaya məruz qalıb

Rusiyanın Dövlət Dumasında ilk dəfədir ki, seksual qısnama ilə bağlı qalmaqal qızışmaqdadır: jurnalist qadınlar deputat Leonid Slutskini nalayiq hərəkətdə ittiham edirlər. Millət vəkili bütün bunların iftira olduğunu deyir və sübutlar tələb edir.

BBC-nin bu barədə öz dəlilləri var

Son iki həftə ərzində birdən-birə iki jurnalist qadın - RTVI telekanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze və Dojd telekanalının prodüseri Darya Juk Liberal-Demokrat Partiyasından (LDP) millət vəkili Leonid Slutskinin qısnamaları barədə bəhs ediblər. Bundan əvvəl Dojd iddia edirdi ki, Slutski jurnalist qadınları dəfələrlə qısnayıb.

Dövlət Dumasında bildirirlər ki, deputatın təqsiri sübuta yetirilməyib. Onlar etika komissiyasına müraciət etməyi məsləhət görürlər. Deputatın özü hər şeyi inkar edir və iftiraya görə məhkəməyə müraciət edəcəyi ilə hədələyir.

BBC-nin Rus xidməti Dumada işləyən jurnalistlər və məmurlarla söhbət edib və Slutskinin ittiham edilməsi üçün əsasın olub-olmadığına baxıb.

"Onun arvadı, mənim məşuqəm olarsan"

2017-cin il martın 24-də BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Fransa prezidentliyinə namizəd Marine Le Penin Rusiyaya planlaşdırılan səfəri barədə şərh almaq məqsədilə LDP-dən olan deputat Leonid Slutskinin ikonalarla bəzədilmiş kabinetinə gəlib. Bu redaksiya tapşırığı idi: Fransada prezident seçkisinə bir ay qalırdı. Belə bir vaxtda Le Penin Rusiyaya səfəri, komitənin onun iştirakilə keçirləcək qapalı yığıncağı və nəhayət prezident Putinlə görüşü istənilən media qurumu üçün maraqlı məsələlər idi.

Rüstəmova kabinetə deputatın mətbuatla əlaqələr üzrə köməkçisi Diana Rudakova ilə birlikdə daxil olmuşdu. O deputatla salamlaşmış və gəlişinin səbəbini izah etmişdi. Həm Slutski, həm də Rudakova həmin ana qədər jurnalisti artıq iki ilə yaxın idi ki, tanıyırdılar.

Lakin Slutskinin mətbuat üzrə köməkçisi eyni zamanda həm də TASS-ın müxbiri olduğundan BBC müxbiri Rudakovadan qısa müddətə kabinetdən çıxmasını xahiş edib. Rüstəmova Slutski ilə tək qalmaq istəyini belə izah edir ki, "Duma, hakimiyyətin ən açıq orqanı olduğundan burada jurnalistlər arasında rəqabət yüksəkdir. Hamı deputatla elə söhbət etmək istəyir ki, həmkarlardan heç biri bu barədə bilməsin".

Köməkçi otaqdan çıxıqdan sonra Rüstəmova öz sualını verib: "Le Pen seçki ərəfəsində nə üçün Moskvaya gəlib?" Slutski cavab verib ki, fransız xanım sadəcə olaraq parlament diplomatiyası müstəvisindəki "maraqlı siyasətçilərlə görüşmək istəyib". Jurnalist qız xatırlayır ki, Slutski ilə onun arasında üç metrədək məsafə olub. O stolun arxasındakı stula söykənmişdi, Rüstəmova isə qapının yaxınlığında dayanmışdı.

Aşağıdakı söhbət eynilə Slutski və Rüstəmovanın arasında baş verib, çünki bütün söhbət Rüstəmovanın diktafonuna yazılıb.

Bu söhbətin audioyazısının surəti BBC-nin Rus xidmətində var.

Rüstəmova Slutskiyə demişdi ki, söhbət mikrofonsuz olacaq. Jurnalist praktikasında bu o deməkdir ki, deputata birbaşa onun adından hansısa şərhin mediaya verilməyəcəyi vəd olunur. Buna baxmayaraq diktafon işləyrdi və Slutski də bundan xəbərdardı.

Leonid Slutski artıq 5-ci çağırış Duma deputatıdır

Söhbətin bu yerində Slutski gözlənilmədən mövzunu dəyişib və təklif edib: "Dovşancıq, bəlkə bu [...] BBC-ni buraxasan? Mən səni bir yerə götürərəm". Rüstəmova təklifdən imtina edib və soruşub ki, bəlkə, fransız siyasətçinin səfəri barədə şərh ala bilməməsi məhz BBC-də işləməsi ilə bağlıdır?

"Yox, çünki sən məndən qaçırsan, öpüşmək istəmirsən, mən də səndən incimişəm" - deyib deputat.

- Leonid Eduardoviç, mənim sevgilim var...

- At da onu.

- İstəmirəm.

- Niyə?

- Ona ərə getmək istəyirəm.

- Əla, onun arvadı olarsan, mənim də məşuqəm.

Rüstəmova bundan sonra da Le Pen haqqında bir neçə sual versə də, ağıllı-başlı cavab ala bilməyib. Daha sonra deputat ayağa qalxaraq ona yaxınlaşıb: "Yaxşı, dovşan, kefin olanda görün, səninçün darıxmışam". Jurnalist xatırlayır ki, siyasətçi qəfildən ona yaxınlaşıb və "əlinin içi ilə onun qasığına toxunub". Müxbir qadın bu anda geri sıçrayıb.

Rüstəmova xatırlayır ki, bu hərəkətin gözlənilməzliyindən şoka düşüb və süst qalıb: "Mən nə baş verdiyini anlamırdım. Bu çox kəskin hərəkət idi. Dilim topuq çalırdı, iflic olmuşdum. Mən mızıldandım ki, "daha sizin yanınıza gəlməyəcəyəm, siz əl-qol atırsınız..."

Audiyazıdan belə görünür ki, Slutski hərəkətinin belə qiymətləndirilməsi ilə razılaşmayıb:

"Mən əl-qol atmıram...Belə də...bir az...Əl-qol atmaq yaxşı ifadə deyil" - deyib deputat.

- Axı siz bunu edirsiniz!

- Mən bunu gözəl şəkildə edirəm.

- Sizin indicə etdiyiniz çox eybəcər hərəkət idi. Mən bundan əsəbiləşirəm. Bu rəzalətdir.

"Həyəcanlanma. Mənim yanıma gəl. Mən səni görməyə həmişə şadam" - deyib Slutski və sonra yekunlaşdırıb: "Dovşan, əgər mən sənə nəsə danışsaydım, məni cəzalandırardılar. Mən sənin gəlişindən istifadə etdim ki, sənə marağımı bir də göstərim. Sən bu [...] cavan oğlanı at getsin. Mənə baş çək. Bunu nə qədər tez etsən, bir o qədər yaxşıdır. Mən sənə doğrudan da kömək etməyə hazıram".

Rüstəmova bir il sonra danışır ki, kabinetdən çıxanda "hönkürüb və üçüncü mərtəbədəki mətbuat zalına gedib". Başına gələnləri danışmaq üçün həmkarlarını axtarıb.

Parlament jurnalistlərindən biri BBC-yə Rüstəmovanın bir il əvvəl çox pis durumda "akvariuma" (mətbuat zalının qeyri-rəsmi adı) gəldiyini və əhvalatı bir neçə həmkarına danışdığını xatırladığını təsdiqləyib.

Rüstəmova başına gələnlər barədə görüşdüyü cavan oğlana, dostlarına, bəzi həmkarlarına və birbaşa müdirlərinə danışıb. BBC-dəki dostları da Rüstəmovanın bütün bunları danışdığını təsdiqləyirlər.

BBC-nin mətbuat xidməti Fəridənin əhvalat barədə dərhal rəhbərliyə xəbər verdiyini bildirib. BBC-nin rəsmi bəyanatında deyilir: "BBC öz jurnalistlərinin təhlükəsizliyi və durumuna ciddi yanaşır və iddia olunan qısnamalarla bağlı onlara dəstək verir. Bu insidentlə bağlı biz Fəridənin arzusuna uyğun şəkildə hərəkət etmişik".

Slutski martın 24-də baş vermiş insidentlə bağlı, bu material dərc edilənədək heç bir şərh verməyib.

"Təkbaşına nə isə etməkdən qorxurdum"