Xanım jurnalistlər mükafatlandırılıb FOTO


Digərləri 07 Mar 2018 18:01:00 251 0

Xanım jurnalistlər mükafatlandırılıb  FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, mükafatlandırılma mərasimində "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri, Fəxri mədəniyyət işçisi Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru, Əməkdar mədəniyyət işçisi Vüqar Səfərli, Əməkdar jurnalist, şairə, publisist Telli Pənahqızı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru O.Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan bəhs edərək bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O.Səmədov vurğulayıb ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.

O.Səmədov maraqlı təklif də səsləndirib. İcraçı direktor nəşr olunan toplunun bölgələrdə təqdimat mərasimlərinin keçirilməsinin vacibliyinə toxunaraq, Fondun tarixdə böyük işlərə imza atan xanımlar haqqında cəmiyyətə ətraflı bilgilər verməyə hazır olduğunu söyləyib. O.Səmədov həmçinin toplunun müxtəlif dillərə tərcümə olunması ehtiyacına da toxunub.

"Kaspi" qəzetinin təsisçisi S.Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür.

Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S.Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib.

"Kaspi" qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu xatırladıb.


Xəbərə aid fotolar