"Azəraeronaviqasiya" və IATA bir sıra mühüm sahələrdə əməkdaşlıq edəcək


Digərləri 07 Mar 2018 15:43:00 278 0

"Azəraeronaviqasiya" və IATA bir sıra mühüm sahələrdə əməkdaşlıq edəcək

Martın 7-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalamışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sazişi AZANS-ın direktoru Fərxan Quliyev və IATA-nın vitse-prezidenti Rafael Şvartsman Madriddə Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində imzalamışdırlar.

Saziş hava hərəkətinin təşkili, hava hərəkətinin idarə edilməsi, aeronaviqasiya heyətinin təlimi, PANS/OPS uçuş prosedurlarının işlənib hazırlanması və xidmətlərin akkreditasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur. AZANS və IATA arasında əməkdaşlıq regionda hava hərəkəti xidmətinin təhlükəsiz və səmərəli təmin olunmasına kömək edəcəkdir.

AZANS HHİ-nin direktoru Fərxan Quliyev həmçinin Sinqapurun Təhlükəsizlik və Aeronaviqasiya Təminatı üzrə Təşkilatının (CAAS) baş direktoru Kevin Şum ilə görüşmüşdür. Görüş zamanı tərəflər tranzit uçuşların planlaşdırılması və hava hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdirlər.

Həmçinin Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda "Thales" şirkəti ilə birgə açılmış AZAL-ın yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) təqdimatı keçirilmişdir.


Xəbərə aid fotolar