"Azəraeronaviqasiya" və IATA bir sıra mühüm sahələrdə əməkdaşlıq edəcək (FOTO)


Digərləri 07 Mar 2018 15:42:00 237 0

"Azəraeronaviqasiya" və IATA bir sıra mühüm sahələrdə əməkdaşlıq edəcək (FOTO)

“Azərbaycan Hava Yolları” aviaşirkətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bakı. “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıb. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sazişi AZANS-ın direktoru Fərxan Quliyev və IATA-nın vitse-prezidenti Rafael Şvartsman Madriddə Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində imzalayıblar. Saziş hava hərəkətinin təşkili, hava hərəkətinin idarə edilməsi, aeronaviqasiya heyətinin təlimi, PANS/OPS uçuş prosedurlarının işlənib hazırlanması və xidmətlərin akkreditasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur. AZANS və IATA arasında əməkdaşlıq regionda hava hərəkəti xidmətinin təhlükəsiz və səmərəli təmin olunmasına kömək edəcək. AZANS HHİ-nin direktoru Fərxan Quliyev həmçinin Sinqapurun Təhlükəsizlik və Aeronaviqasiya Təminatı üzrə Təşkilatının (CAAS) baş direktoru Kevin Şum ilə görüşüb. Görüş zamanı tərəflər tranzit uçuşların planlaşdırılması və hava hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.