"Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər" - MÜSAHİBƏ


İdman 07 Mar 2018 13:00:00 241 0

"Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər" - MÜSAHİBƏ

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası baş tutub. Toplantıdan sonra keçirilən mətbuat konfransında AFFA-nın baş katibi elxan Məmmədov media mənsublarının qarşısına çıxıb. Goal.az xəbər verir ki, müzakirə olunan məsələlər barədə məlumat verən qurum rəsmisi jurnalistlərin suallarını da cavablandırıb.

“İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ vardı. Onlardan biri Futzal Federasiyasının hesabatı idi. Yığmamızın Avropa çempionatındakı çıxışı ilə bağlı hesabat verildi. Çimərlik futbolu üzrə yığma komandaya Zeynal Zeynalov baş məşqçi təyin olundu. Araşırmaq lazımdır, bəlkə də Zeynalov 3 yığmada oynayan və qol vuran yeganə futbolçudur.

Danışılmış oyunlarla bağlı müzakirə də aparıldı.Məlumatlar məxfidir. Mübarizəmizi davam etdirəcəyik. İcraiyyə Komitəsi bununla bağlı dəstəyini göstərəcək".

Elxan Məmmədov Lisenziyalaşdırma Qrupunda üzv kimi vakant yerə Zaur Hacı-Məhərərrəmovun namizədliyinin təklif edilərək, təsdiqləndiyini əlavə edib.

- Danışılmış oyunların qarşısını daha primitiv yolla həll etmək olmaz?

- Bu məsələni İK müzakirə etdik. Təbii ki, qərar yoxdur. Danışılmış oyunlarla bağlı faktlar üzə çıxsa, yeni format düşünüləcək. Artıq İK-nın bu barədə məlumatı var.

- Avropada əvəzedici komandalar I divizionda çıxış edir. Bizdə də belə praktikadan istifadə etmək mümkündür?

- Bunu millinin baş məşqçisi ilə müzakirə etmişik. Xahiş etmişik ki, bu məsələ Klublar Komitəsində müzakirəyə çıxarılsın.

- İclasda Premyer Liqada komandalarının və azarkeşlərinin sayının azalması ilə bağlı məsələ müzakirə olundu?

- Klub sayı azalırsa, azarkeşlər də azalır. Hesabatda futbolun inkişafı ilə bağlı mənfi hallar var. Sumqayıtda tribunanın sayı azdır. Amma çox yer olsa, say da çox olar. “Kəpəz”in stadionunda azarkeş sayının azalması da nəticədən asılıdır. Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər.

- Klublar Komitəsinin gücsüz bir quruma çevrildiyini düşünmürsünüz?

- Biz AFFA olaraq, Klublar Komitəsini bir platforma kimi yaratmışıq. Komitə hansısa məsələni qaldırsa, biz də İK-da qaldıra bilərik. Klublar bu platformanı inkişaf etdirməlidirlər.

- “Sumqayıt”ın rəhbərliyinin dəyişilməsi ideyasının müəllifi kimdir?

- Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə keçidi birbaşa onun qərarıdır. “Neftçi”nin təsisçilərindən təklif aldı və getdi. Bununla bağlı Muxtar Babayevlə də öncədən danışıb. Yəni, etik qaydalar çərçivəsində olub.

- “Sumqayıt”ın yeni prezidenti kim olacaq? Bayaq Rövnəq Abdullayev Riyad Rəfiyevə “təbrik edirəm, Sumqayıt”a gedirsən dedi...

- Bəli, namizədlərdən biri Riyad Rəfiyevdir. O, mənə bildirdi ki, “Sumqayıt”dan təklif gəlib. Həmçinin, AFFA-da əvvəl işləyən və indi çalışan şəxslərə də təklif olub. Təbriklə bağlı deyə bilərəm ki, sizə inanıram. Ola bilər ki, hansısa qərar var. AFFA-da çalışan insanlar təklif alanda bizim fikrimizi soruşurlar. Bəlkə mənə də təklif gəlsə, Rövnəq müəllimdən icazə alıb gedərdim. Bu, normal haldır. Məsələn, “CBC Sport”un işçisi kluba gedəndə, heç kim heç nə demir. Amma bizdən olanda, yazırlar ki, AFFA-nın adamı kluba getdi.

- İclasda Premyer Liqa klublarlnın sayının artması bardə danışıq oldu?

- Bizim danışılmış oyunlarla bağlı problemimiz var. Biz bilməliyk ki, I Diviziondakı klub tər-təmizdir. Demirəm ki, hamısı tər-təmiz deyil. Lakin çempionatın sonunu gözləməliyik. İdeal say 10 komandadır. Paradoksal hal budur ki, 8 komandalı çempionatın təmsilçisi Çempionlar Liqasının qrupunda çıxış edir.

- Millətlər Liqası ilə bağlı Qurban Qurbanovun fikirləri dinlənildi?

- Xeyr. Heç bir söhbət olmadı. Yığma hələ onun rəhbərliyi altına 1 oyun keçirib. Söz vermək və ya tələb etmək düz olmaz. Yoldaşlıq oyunlarından sonra bu məsələyə qayıdılacaq. Dörd yoxlama oyunu planlaşdırılıb.