AMEA-da "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpozium keçirilib


Digərləri 07 Mar 2018 12:39:17 176 0

AMEA-da "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpozium keçirilib

Martın 7-14-də Bakıda "Muğam aləmi" 5-ci Beynəlxalq Muğam Festivalı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Muğam aləmi" 5-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpozium keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, AMEA-nın prezidenti Akif Əlizadə, vitse-prezident İsa Həbibbəyli və bir sıra ictimai xadimlər, Kanada, Fransa, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan xarici qonaqlar iştirak ediblər.

Simpozium Heydər Əliyev Fondu, AMEA, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilib.

Ə.Qarayev bildirib ki, muğam daima Azərbaycan hökumətinin, əsasən də Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir: "Muğamla bağlı keçirilən tədbirlər buna bariz nümunədir. Hazırda ölkəmizdə muğam qərb musiqisinin inkişafına da təsir göstərir. Etno-caz bu gün dünya miqyasında tanınan incəsənət növünə çevrilib. Tədqiqatçılar gələcəyə baxmalıdırlar. Dünyada yeni musiqi proseslərinin gedişi, elektron musiqi daxil olmaqla kompüterlə yazılan musiqilərdə Azərbaycan muğamının əksi, orada yerini tutması haqqında düşünməliyik".

A.Əlizadə muğamın keçdiyi inkişaf yolundan danışaraq muğamın inkişafına dair aparılan işləri diqqətə çatdırıb. O, qeyd edib ki, muğam bu gün Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır.

Simpozium digər çıxışlarla davam edib.

Qeyd edək ki, "Muğam aləmi" 5-ci Beynəlxalq Muğam Festivalı martın 7-14-də keçiriləcək.