Adanada ABŞ konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 13 nəfər tutulub


Dünya 07 Mar 2018 10:30:07 255 0

Adanada ABŞ konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 13 nəfər tutulub

Onlardan 12-si Suriya vətəndaşıdı

 ABŞ-ın Türkiyənin Adana şəhərindəki konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının 13 üzvü tutulub.

“Report” İHA-ya istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorçuluğa qarşı Mübarizə Şöbəsi martın 7-də antitteror əməliyyatı keçirib.

Əməliyyat nəticəsində tutulan 13 terrorçudan 12-si Suriya vətəndaşıdı. 

Qeyd edək ki, martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub. 

Türkiyənin Samsun şəhərində isə ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini birgünlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədilə atıldığı bildirilib. Bu gün səfirliyin fəaliyyətinin bərpa olunacağı gözlənilir.