Qısqanclıq hissi ilə necə bacarmalı?


Digərləri 06 Mar 2018 21:35:00 249 0

Qısqanclıq hissi ilə necə bacarmalı?

"The Independent" qısqanclığa həsr edilmiş məqaləsində yazır ki, "bu yaşıl gözlü cin" baş qaldıranda sevgi münasibətlərini tamamilə alt-üst edə bilər.

Amma psixoloqlar bu qənaətdədirlər ki, romantik münasibətlərdə qısqanclıq həm sui-qəsdçi, həm də xilaskar rolunu oynaya bilər. Hər şey bu hissin necə, harda və nəyə görə baş qaldırmasından asılıdır.

Professor Robert L Leahy özünün "Qısqanclıqdan müalicə" kitabında yazır ki, qısqanclıq təkcə yana baxan göz deyildir və çox vaxt qısqanan şəxsin öz daxili keyfiyyətlərindən qidalanır.

"Qısqanclıqda söhbət həmişə üç nəfərdən gedir, - professor deyir, - Ya münasibətdə olanlardan biri üçüncü tərəflə maraqlanır, ya da bu üçüncü tərəf, artıq münasibətdə olan birisinə maraq göstərir. Amma bəzən bunun hər ikisi birdən olur".

Leahy romantik qısqanclığı "seksual qısqanclıq" və "emosional qısqanclıq" olaraq iki kateqoriyaya ayırır.

Professor qeyd edir ki, kişilər daha çox ikinci, qadınlar isə birinci kateqoriyadan təsirlənirlər.

Cənab Leahy "The Independent" qəzetinə deyib ki, hansı kateqoriyadan olmasına baxmayaraq, qısqanclıq münasibətlərin möhkəm olmamasından xəbər verir.

Münasibətlərin kövrəkliyinə səbəb isə gözləntilərin qeyri-müəyyənliyi, əvvəllər atılmaq və ya xəyanətə məruz qalmaq kimi təcrübələrin mövcudluğudur.

Amma ən təəccüblüsü budur ki, romantik qısqanclığın mənbəyi xarici faktorlar yox, insanın özünün daxili aləmidir.

Professor deyir ki, bəzən insanın qısqanclığı onun özünə həddən çox qiymət verməsindən və bu səbəbdən də özünə qarşı hər hansı xətanın yolverilməz olduğunu düşünməsindən irəli gələ bilər.

Amma heç də bütün qısqanclıqlar göz yaşlarına səbəb olmur.

Professor deyir ki, az və ya mötədil dozada qısqanclıq iki nəfər arasında bağlantının, sədaqətin və hətta sevginin göstəricisi ola bilər.