Qara Qarayevin 100 illik yubileyi keçirilib


Digərləri 06 Mar 2018 19:33:48 231 0

Qara Qarayevin 100 illik yubileyi keçirilib

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" adlı yeni, möhtəşəm layihəsinin ilk tədbiri keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" adlı yeni, möhtəşəm layihəsinin ilk tədbiri keçirilib. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və "Mədəniyyət" kanalının dəstəyi ilə keçirilən “Unudulmayanlar” adlı möhtəşəm layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli bəstəkarların, klassik musiqi və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair tədbirlərin təşkil olunmasıdır. İlk tədbir martın 5-də dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Qeyd edək ki, Qara Qarayevin anadan olmasının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda yubiley tədbirləri keçirilir. Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk şəxsdir. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıqdan (A.N.Aleksandrovun sinfi) təhsil almışdır. Bakıya qayıtdıqdan bir müddət sonra 1946-cı ildən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.