"Real"ın PSG-yə qalib gəlməsi üçün xüsusi səbəb - 116


İdman 06 Mar 2018 17:26:00 305 0

"Real"ın PSG-yə qalib gəlməsi üçün xüsusi səbəb - 116

“Real Madrid” əksər futbol mütəxəssisləri, dahi futbolçular, azarkeşlər və bütövlükdə dünya futbol ictimaiyyəti tərəfindən planetin ən nəhəng klublarından biri kimi qəbul olunur. "Ağlar" (Los Blancos), "Qalaktiklər" (Los Galácticos), "Vikinqlər" (Los Vikingos) və digər ləqəblər verilmiş klub bir çox rekordlara, titullara, zəfərlərə nail olub. FIFA tərəfindən 20-ci əsrin ən yaxşı klubu adına layiq görülən "Real Madrid" tarixi boyunca 33 La Liga, 19 Copa del Rey, 10 İspaniya Super Kuboku, 12 UEFA Çempionlar Liqası, 2 UEFA Kuboku, 4 UEFA Super Kuboku, 3 Qitələrarası və 3 FIFA Klublararası Dünya Çempionluğu və s. titullarına yiyələnib. "Kral Klubu" yarandığı ildən heç vaxt İspaniya Çempionatında aşağı liqaya düşməyən 2 klubdan biridir.

 

Xulyan Palasyos 1902-ci ilin 6 martında “Sociedad Madrid Foot Ball Club”unu yaradıb. Təəccüblü olsa da, Madrid klubunun ilk prezidenti kataloniyalı olub. Xuan Padros Rubia 1902-1904-cü illərdə, qardaşı Çarles isə 1908-ci ilədək klubu idarə edib.

 

“Real”ın ən böyükhesablı məğlubiyyəti 1:8 hesabı ilə olub. Bu şərəfə 1929-30-cu illər mövsümündə “Espanyol” nail olub.

 

“Real Madrid”in əzəli rəqibi “Barcelona” ilə arasındakı rəqabət bütün dünyada izlənilir. Bu rəqabət diktator Francisco Franco dövründə "Barcelona" tərəfdarlarının “Real Madrid”i Kralın komandası olmaqda günahlandırmaqla başlamışdır. İspaniya hökumətinə yaxın “Real” ilə Katalon “Barcelona” tərəfdarları arasındakı bu rəqabət, iki komanda arasındakı oyunlardan futbolçu transferinə qədər hər yerdə gedir. Ümumiyyətlə, bu iki klub arasında gedən qarşıdurma ispan və katalon xalqının arasında gedən müharibə kimi qələmə verilir. “Real Madrid”in "Barcelona" ilə qarşıdurması həmişə katalon mətbuatı tərəfindən tənqid olunub. Onların fikrincə “Real” əksər oyunlarda qeyri-qanuni yollarla qələbə qazanıb. Madrid mətbuatının öz həmkarlarına bu barədə cavab vermək imkanı yoxdur. Hər il dünyada 150-dən çox telekanal “El-klasiko”nu canlı yayımlayır.

 

Klubun baş məşqçisi bir vaxtlar formasını geyinən Zinəddin Zidandır. Komanda oyunlarını 81 044 tamaşaçı yeri olan “Santiaqo Bernabeu”da keçirir.

 

Klub 116-cı yaşında özünə ÇL-nın 1/8 finalında PSG üzərində qələbəni hədiyyə edə bilər. Komandalar arasındakı ilk oyun “Real”ın 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. Ardıcıl üçüncü dəfə yarışın qalibi olmağı hədəfləyən “Kral klubu”nu “Park-de-Prens” stadionunda minimal hesablı məğlubiyyət də qane edir.