Azərbaycanda qadınların sayı açıqlandı


Digərləri 06 Mar 2018 16:45:00 192 0

Azərbaycanda qadınların sayı açıqlandı

2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil etmişdir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən il doğulmuş 144,0 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 56,0 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.