Birinci vitseprezident Mehriban Əliyeva Nərimanov rayonundakı 80 saylı körpələr eviuşaq bağçasının açılışında iştirak edib FOTO


Siyasət 06 Mar 2018 16:34:00 281 0

Birinci vitseprezident Mehriban Əliyeva Nərimanov rayonundakı 80 saylı körpələr eviuşaq bağçasının açılışında iştirak edib  FOTO

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkan yaradılıb.


Xəbərə aid fotolar