"Leyla Şıxlinskaya" klinikasının sabiq işçilərinin məhkəməsində şahidlər dindirilib


Sosial 06 Mar 2018 12:59:16 328 0

"Leyla Şıxlinskaya" klinikasının sabiq işçilərinin məhkəməsində şahidlər dindirilib

Proses martın 14-də davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Yaqub Əliosmanov dindirilib.

O, təqsirləndirilən şəxsləri tanımadığını, 2012-ci ildə uşağını "Leyla Şıxlinskaya" klinikasında əməliyyat etdirdiyini söyləyib: "Deyəsən, ödənişi 500 manata yaxın etdim. Müddət keçdiyi üçün elə də yadımda deyil".

Digər şahid Maqsim Qafanov dindirilən zaman bildirib ki, qızı həmin klinikada əməliyyat olunub: "Amma ödəniş yadımda qalmayıb".

Daha sonra şahid Zaur Əsgərov ifadə verərək deyib ki, "Leyla Şıxlinskaya" klinikasında həyat yoldaşı qeysəriyyə əməliyyatı keçirib və bunun üçün 1500 manat pul ödəyib.

Larisə Hüseynova şahid qismində verdiyi ifadəsində qeyd edib ki, daha əvvəl klinikada tibb bacısı vəzifəsində çalışıb və maaşı kassadan alıb.

Proses martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.