Bakıda avtobus sürücüsünü təhqir edib üzünə tüpürdülər VİDEO


Digərləri 06 Mar 2018 10:47:00 199 0

Bakıda avtobus sürücüsünü təhqir edib üzünə tüpürdülər  VİDEO

Bakıda sərnişin avtobusunun sürücüsü təhqir edilib.

Son.az xəbər verir ki, hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus metronun "Neftçilər" stansiyası yaxınlığındakı dayanacağa daxil olarkən 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobusun hərəkət zolağında saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb. Avtobus sürücüsü bununla bağlı ona xəbərdarlıq etdikdə isə onu nalayiq hərəkətlər və sözlərlə təhqir edib.

"BakuBus" MMC tərəfindən təqdim olunan video kadrlardan aydın görünür ki, özündənrazı şəxs avtomobilini avtobusun hərəkət zolağında qanunsuz olaraq saxlayıb və bu azmış kimi hər vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşlı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.

"Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Son.az-a bildirib ki, onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:

"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən belə hallara qarşı laqeyd qalmamağa çağırırıq!".

Qeyd edək ki, "BakuBus" MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Xatırladaq ki, sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Yusif Nəsirli Son.az

Videonu izləmək üçün şəklə klikləyin: