Cəlilabadda meyiti tapılan nişanlı gəncin qətlə yetirildiyi məlum olub - YENİLƏNİB


Sosial 05 Mar 2018 22:24:00 261 8

Cəlilabadda meyiti tapılan nişanlı gəncin qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti tapılan Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəsirov Siruz İlham oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, martın 2-i, axşam saat 22:00 radələrində S.Nəsirov hələlik məlum olmayan səbəbdən yaşadığı evi tərk edib. Həmin vaxtdan ailəsinin ondan hər hansı məlumatı olmayıb və yaxınları bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət ediblər.

Bu gün isə mərhumun yaşadığı kəndin qonşuluğunda olan Ləkin kənd sakinləri mal-qara otaran zaman meşəlik ərazidə naməlum kişi meyiti aşkar ediblər. Sakinlər dərhal bununla bağlı rayon polis şöbəsinə məlumat veriblər. Hadisə ilə bağlı olaraq polis şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb ediliblər. Meyit ətraflı müayinə olunmaq üçün MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Onun hansı şəraitdə və necə öldürülməsi ilə bağlı məlumatlar istintaq sirri olduğu üçün açıqlanmır. İlkin məlumata görə, mərhumun meyiti 3 gün meşədə qalıb.

Qeyd edək ki, 21 yaşlı gənc nişanlı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***16:38

Cəlilabad rayonunda tapılan meyitin kimliyi məlum olub. 

"Report"un Aran burosu xəbər verir ki, həmin şəxsin rayonun Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Siruz İlham oğlu Nəsirov olduğu müəyyənləşib.

Onun hansı şəraitdə ölməsi araşdırılır.

Qeyd edək ki, bu gün Cəlilabad rayonunun Ləkin kəndi ərazisində naməlum kişi meyiti aşkar edilib. Sakinlər dərhal Cəlilabad Rayon Polis Şöbəsinə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.