Şahin Mustafayev: "Məqsədimiz BTQ layihəsinin imkanlarından maksimum istifadə etməkdir"


İqtisadiyyat 05 Mar 2018 15:05:55 299 0

Şahin Mustafayev: "Məqsədimiz BTQ layihəsinin imkanlarından maksimum istifadə etməkdir"

İqtisadiyyat naziri dəmir yolu xətti üzrə Koordinasiya Şurasının Tbilisidə keçirilən iclasında iştirak edib

 "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üzrə Koordinasiya Şurasının Tbilisidə (Gürcüstan) keçirilən toplantısında bu layihənin mühüm əhəmiyyəti bir daha vurğulandı. Bildirildi ki, bu layihə təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, digər ölkələrin də iqtisadi inkişafı üçün geniş imkanlara malikdir".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Transxəzər marşrutu və Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan BTQ daha böyük perspektivlərə malik layihədir: "Bu yolun çox böyük potensialı var. Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə, eləcə də BTQ üzrə Koordinasiya Şurasının bu gün Tbilisidə keçirilən iclasında layihənin vacibliyi bir daha vurğulanıb. Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu da öz növbəsində turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Qətiyyətlə demək olar ki, BTQ-nin potensialı çox böyükdür. Məqsədimiz BTQ layihəsinin imkanlarından maksimum istifadə etməkdir və düşünürəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq".