Yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar olub


Digərləri 05 Mar 2018 12:56:00 245 0

Yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar olub

Azexport.az portalına cari ilin yanvar ayında 81.5 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayı təqdim olunub. Trend-in məlumatına görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon ABŞ dolları). Yanvar ayı ərzində Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xurma (13 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon ABŞ dolları) tutub. Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon milyon ABŞ dolları olub. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb. “İxrac İcmalı”nın fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin də reytinqi verilib. 2018-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “"Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, "Baku Steel Company" MMC, "Azagroeksport 2017" MMC, "Food export Şəmkir" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC və “İlham-M” MMC təmsil olunub. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC-dir. “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.