Tanınmış teleaparıcı 19 illik sevgisindən danışdı:


Şou-biznes 05 Mar 2018 10:47:00 235 0

Tanınmış teleaparıcı 19 illik sevgisindən danışdı:

Teleaparıcı Yusif Ağayevin Son.az-a müsahibəsi.

- Yusif bəy, bu gün 106 FM radiosunun 19 yaşı tamam olur. 19 illik fəaliyyətiniz ərzində bu radio sizə nə verdi?

- Tarixi vərəqləsək, görərik ki, 106 FM mənə çox şey verib. İlk öncə, insanları tanıdım, dünya musiqisini bilirdim, bir az da yaxşı öyrəndim. 106 FM mənə rəhbərlik etməyi öyrətdi. Mən bu radioda dj-lər yetişdirdim, böyük layihələr etdim. 19 il az müddət deyil, bir igidin ömrüdür. Bu 19 ildə həm səhər, həm axşam, həm də gecə efirində çalışdım. "Axşama doğru" verilişi o vaxtdan bu günə qədər radioda mənim təqdimatımda yayımlanır. Bundan əlavə inglis dilli verilişim də bu FM-də səslənir. Mən heç vaxt 106 FM-dən ayrılmayacağam. 19 il əvvəl biz böyük bir komanda ilə işə başladıq, əfsuslar olsun ki, o komandadan heç kəs indi qalmayıb. Tək məndən başqa.

- Sizlə birlikdə kimlər o vaxt radioda çalışırdı?

- Mənimlə birlikdə bir çox dj-lər çalışırdı, amma onların bir çoxları 106-nı tərk etdilər. Bəziləri rəqabətə dözə bilmədilər, digərləri isə müəyyən səbəblərdən radiodan ayrıldılar. 106 FM-ə sadiq qalan mən oldum.

- Sizi radioya bu qədər sadiq edən nədir?

- 106 FM-in ilk efirində mənim səsim səslənib. Mən ona bivəfalıq, xəyanət edə bilmərəm. Heç vaxt öz səsimi başqa radioda eşitmək istəmirəm və bu olmayacaq da. 106 FM formatı tam mənim zövqümə görədir. Bir az da məndə eqoizm var, mən bu radioya çox eqoist nöqteyi nəzərindən yanaşıram. Çünki mən illərdir bu radionu qorumağa çalışmışam və qorumuşam da...

- Özünüzdən başqa kiminsə səsini radiodan eşitmək sizi həmkarlarınızla üz-üzə qoymadı ki?

- Xeyr, əksinə mən yaxşı səslər axtarıb tapdım, yetişdirdim. Çünki radio qulaqdır, radio aparıcısının səsi əgər sənin qulağına yatmırsa, o radio dinlənilmir. 12 il radionun direktoru vəzifəsində çalışdım, həmişə də çalışdım ki, qulağa yatımlı səsləri radioya cəlb edim. Həmişə də belə etmişəm...

- O səsləri necə seçirdiniz?

- Bu, təbii ki, peşəkarlıqdan irəli gəlir. Elə olurdu ki, 100-200 nəfər müraciət edirdi. Gələn insanlarda səs, diksiya və musiqi duyumunu yoxlayırdıq. Bunlar olmasaydı, 106 FM-də çalışmaq mümkün deyildi.

- Heç seçilməyən səslər oldu?

- O qədər seçilməyib, məni qınayanlar oldu ki... Deyirdilər ki, Yusif bilərəkdən məni seçmədi. Bütün kastinqlərdə nə qədər insan gəlirdi. Efirdə tək nəinki musiqini bilən, həm də tam hərtərəfli inkişaf etmiş şəxslər çalışmalı idi. O vaxt radioda belə dj-lər çalışırdı.


Xəbərə aid fotolar