STAR “Petkim”ə əlavə 100 mln. dollar qazandıracaq


İqtisadiyyat 05 Mar 2018 09:57:49 281 0

STAR “Petkim”ə əlavə 100 mln. dollar qazandıracaq

“Petkim” Türkiyənin ehtiyacının 20%-ni təmin edir

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” Əliağada (İzmir,Türkiyə) inşa olunan STAR neft emalı zavodu istismara verildikdən sonra ildə 100 mln. dollar məbləğində əlavə mənfəət əldə edəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə “Petkim Holding”in baş direktoru Anar Məmmədov jurnalistlərə bildirib.

O qeyd edib ki, istehsalda məhsuldarlığı artırmaq üçün STAR neft emalı zavodu ilə birgə investistisiya həyata keçirilməsi qərara alınıb:“Petkim” və STAR inteqrasiya olunmuş bir təsisat kimi çalışacaq və bizim bu inteqrasiyadan gözləntimiz “Petkim”in ildə əlavə 100 mln. dollar məbləğində mənfəət əldə etməsidir”.

Baş direktorun sözlərinə görə, bu məbləğin 60 mln. dolları logistika ilə bağlı olacaq.

“Hazırda dünyanın bir çox ölkəsindən nafta alırıq. STAR neft emalı zavodu işə düşdükdən sonra isə birbaşa zavoddan boru xətti ilə nafta alacağıq. Həm də “Petkim”in ehtiyaclarına ən uyğun və ən yüksək keyfiyyətdə məhsul əldə edəcəyik. Yəni logistik üstünlüklər sayəsində ildə 60 mln. dollar mənfəət əldə olunacaq”,-baş direktor qeyd edib.

A.Məmmədov bildirib ki, 40 mln. dollarlıq mənfəət isə ortaq xidmətlər və ortaq infrastruktur hesabına əldə ediləcək:“Petkim yarımadasında çox inkişaf etmiş infrastrukturumuz var. Bu infrastruktur STAR-la bərabər istifadə olunacaq. “Petkim”in infrastrukturu olmasaydı, STAR-ın investisiyası çox fərqli olardı”.

A. Məmmədov onu da əlavə edib ki, “Petkim”də istifadə olunan xam maddənin böyük hissəsi bazardan alınır, STAR zavodu bu ilin III rübündə istifadəyə verildikdən sonra isə xam maddə ehtiyacının 100%-i zavoddan təmin ediləcək.

“Petkim”in iki əsas- etilen və aromatiklər fabriki var. Hər iki müəssisədə də naftadan istifadə olunur. STAR istismara verildikdən sonra yeni məhsul istehsal olunacaq. Bu məhsul da aromatiklər fabrikində hazırda istifadə olunan ağır naftadan daha üstün və məhsuldar məhsul olacaq”,-o əlavə edib.

A.Məmmədov həmçinin qeyd edib ki, dünyada neft-kimya sektorunda illik artım 3-4%, Türkiyədə isə bu göstərici 6-7% təşkil edir. Onun sözlərinə görə, Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacı “Petkim”in istehsalından 5 dəfə artıqdır. Baş direktor qeyd edib ki, “Petkim” Türkiyənin ehtiyacının 20%-ni təmin edir.

Baş direktoru bildirib ki, son 3 il “Petkim” üçün çox uğurlu olub: “Petkim”in 2017-ci ildə mənfəəti rekord həddə olub. Xalis mənfəətimiz iki dəfədən çox artıb. Maliyyə rekordundan əlavə istehsalatda da rekord göstəricilər əldə olunub. Kompleksin istehsal gücü 3,6 mln. ton təşkil edir. Biz 3,42 mln. ton həcmində məhsul istehsal edərək istehsal gücündən istifadə göstəricisini 97%-ə çatdırmışıq. Avopada neft-kimya müəssisələrində isı bu göstərici orta hesabla 82% təşkil edir”,-deyə “Petkim”in baş direktoru bildirib.