Ürəyə xeyirli və ziyanlı qidalar


Digərləri 04 Mar 2018 23:40:00 370 0

Ürəyə xeyirli və ziyanlı qidalar

Müasir insanlar əksər hallarda "fast-fudların", kafe və restoranların xidmətlərindən istifadə edərək, getdikcə daha az hallarda ev yeməkləri yeyirlər.Qeyd etmək lazımdır ki, "restoran" yeməkləri heç də gündəlik qida qəbulu üçün nəzərdə tutulmamışdır.

Ev yeməklərinə nisbətən, onların tərkibində yağlar daha çox olur. Piylənmənin əsas səbəblərindən biri də budur!

Son.az saglamolun.az-a istinadən bildirir ki, yağlardan başqa, ev yeməklərinə nisbətən, belə yeməklərə daha çox duz da əlavə edirlər.Xörək duzunun (natrium xlor) artıq dərəcədə qəbul edilməsi isə arterial təzyiqin artmasına səbəb olur. Məsələ bundadır ki, xörək duzu orqanizmdə əlavə maye saxlamaq xüsusiyyətinə malikdir. Bu isə ürək və damar sisteminin daha artıq yüklənməsinə səbəb olur. Beləliklə, ilk növbədə ev yeməklərindən istifadə edilməsi daha yaxşıdır.

İkncisi isə, yeməklərə duzu mütləq az vurulmalı və stolun üstünə isə duz qoyulmamalıdır. Duzlu delikateslərə, konservləşdirilmiş tərəvəzlərə və s. bu kimi məhsullara gəldikdə isə, onları stolun üzərinə yalnız bayram günlərində qoymaq olar. Əgər proses çox dərin deyilsə, duzun məhtudlaşdırılması, dərman qəbul edilmədən də arterial təzyiqin normallaşmasına səbəb ola bilər. Hipertoniklər üçün yemək rasionunda duzun məhtudlaşdırılması - müalicə üsullarından biri hesab olunur.

Beləliklə, xörək duzu barədə hər şey aydındır. Bəs, yağların qəbulu necə olmalıdır? Yağların müəyyən miqdarda qəbul edilməsi orqanizm üçün vacib hesab edilir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır. Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və s. proseslərdə də vacib rol oynayırlar. Qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Aterosklerozun ən qorxulu fəsadları isə miokardın infarktı, insultdur.

Qanda xolesterinin və triqliseridlərin konsentrasiyasının artmasına səbəb olan və insan orqanizmi üçün "zərərli hesab edilən yağlara" və qidalara, əsasən, heyvan mənşəli yağlar - yağlı ət, xüsusən də qırmızı ətlər (mal əti, qoyun və donuz ətləri), yumurta, yağlı süd məhsulları, kürü, heyvanların beyini və daxili orqanları aid edilir.

Xeyirli yağlara bitki yağları, balıq (qızılbalıq, tunes, skumbriya, sardina), toyuq, dəniz məhsulları, qoz, yarmalar və s. aiddir. Dietoloqların məsləhəti çox sadədir - qida rasionunuzda "qırmızı" əti, yağlı süd məhsullarını azaldın, onların əvəzinə isə xeyirli yağlara üstünlük verin.

Qızardılmış məhsullara yox, suda və ya buğda bişirilmiş yağsız ət növlərinə üstünlük verin. Əgər qızardılmış məhsullar olmadan keçinə bilmirsinizsə, qızardılma üçün az miqdarda bitki yağından (yaxşı olar ki, zeytun yağından) istifadə edin. Bu məqsədlə kərə yağından və piydən istifadə etməyin!

Yağlı xəmirdən hazırlanan məhsullardan, peçenyedən, kartof çipslərindən çox istifadə etməyin.

"Tropik" yağlarda (kokos, palma, palma çəyirdəyi) hazırlanan məhsulların qəbulunu məhtudlaşdırın.

Bildiyiniz kimi xörək duzu (natrium xlor) arterial təzyiqin qalxmasına səbəb olur. Kalium və maqnezium isə ürək üçün xeyirli elementlərdir. Belə ki, kalium ürək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, bədəndə olan artıq suyun xaric edilməsinə kömək edir, damarları genişləndirir. Bunun nəticəsində isə arterial təzyiq aşağı enir. Maqnezim da damarları genişləndirir, sinir sistemini sakitləşdirir, qanda xolesterinin miqdarının azalmasına kömək edir.

Ona görə də bu elementlərlə zəngin olan qidaları (ərik qurusu, ispanaq, qarabaşaq, buğda və yulaf sıyıqları, kartof, göyərti, qoz, üzüm, qara gavalı, qara qarağat, kakao) daha tez-tez hallarda yeməyə çalışın. Bundan başqa həkim təyinatına uyğun olaraq tərkibində kalium və maqnezium olan dərman preparatları da qəbul etmək olar.

Meyvələrdə, tərəvəzlərdə, yarmaların tərkibində olan sellüloz ürək üçün çox xeyirli hesab olunur. O, qanda xolesterinin miqdarının azalmasına səbəb olur. S vitamini qan damarlarının divarının möhkəmlənməsinə kömək edir.

Buna görə də daha tez-tez hallarda portağal, limon, kələm, şirin bibər, qara qarağat, itburnu dəmləməsi qəbul edin.