Məşvərət necə olmalıdır?


Digərləri 04 Mar 2018 22:50:00 286 0

Məşvərət necə olmalıdır?

Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur.

Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir. Kim bilir, bəlkə də, ehtiyacı olduğuna görə deyil, ümməti məşvərəti həyatın ayrılmaz bir parçasına çevirsin deyə belə etmişdi.

Son.az meneviyyat.az-a istinadən bildirir ki, Allah-Təala Həzrət Adəmi yaratmamışdan əvvəl mələklərə yer üzündə bir xəlifə yaradacağını söyləmiş və onların bu mövzuda nə düşündüyünü soruşmuşdu. Yəni onlarla məşvərət etmişdir. Halbuki məsləhətləşmək ağlı və elmi məhdud olan varlıqlara xas xüsusiyyətdir. Bu hadisə eyni zamanda "mən, mən" deyən eqoist nəfsləri mənəm-mənəmlikdən əl çəkib "biz" deməyə səsləyir. Allah-Təala bununla insanları məsləhətləşməyə çağırmışdır, yoxsa Rəbbimiz kiminləsə məsləhətləşmək məcburiyyətində deyil.

Məşvərət nəbəvi, təkbaşına hərəkət etmək isə şeytani davranışdır. Yəni məsləhət-məşvərət möminlərin həyatında əsas prinsiplərdən biridir. Quranın meyarlarına görə məşvərət mömin cəmiyyətin ən bariz əlamətlərindən və inananların ən vacib vəsflərindəndir. Təsadüfi deyil ki, Quranda məşvərət namaz və infaqla birgə zikr edilir: "O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər." (Şura surəsi, 42/38).

Hər şeydə bizə rəhbər olan Rəsulullahın (s.ə.s) həyatına nəzər saldıqda, Onun (s.ə.s) Bədirdə mövqe seçərkən, Uhudda və Xəndəkdə müharibə taktikasını müəyyənləşdirərkən əshabı, Hüdeybiyyədə Ümmü Sələmə (r.anha) ilə məsləhətləşdiyini görürük.

Məşvərətdə nələrə diqqət edilməlidir?

Məşvərət hər hansı bir məsələdə düzgün qərar verməyin ilkin şərtidir. Yaxşıca düşünülmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan verilən qərarlar çox vaxt uğursuzluğa düçar olur. Məşvərəti tanımayan bir insan yüksək qabiliyyətə, fitri istedada malik olsa belə, hər işi məşvərətlə görən, hər fikrini məsləhətləşən adi bir insana nisbətən daha çox xəta edər. İctimai şüurun xüsusi əhəmiyyətə malik olduğu dövrümüzdə ən ağıllı insan məşvərətə əhəmiyyət verən, başqalarının fikirlərindən də faydalanan insandır.

Bir işə təşəbbüs etmədən əvvəl məsləhətləşmək, ətraflı araşdırma aparmaq, səbəblər baxımından  nə lazımsa hamısını yerli-yerində etmək lazımdır ki, nəticədə qədərdən şikayət və insanları təqsirləndirmə kimi müsibəti ikiqat artıran zərərli davranışlara - tənqid, qınaq, dedi-qodu, sui-zənnə −  yol verilməsin.

Məşvərətin də özünəxas qaydaları var. Belə ki, məşvərət zamanı rəhbər və tabeliyində olanlar eyni hüquqlara malikdir. Belə ortamı təmin etmək də rəhbərin vəzifəsidir ki, iştirakçılar fikirlərini rahatlıqla ifadə etsinlər. Yoxsa toplantı məşvərət olmaqdan çıxaraq rəhbərin fikirlərinin təsdiqləndiyi məkana çevrilər. Ordakılar müzakirə olunan mövzulara münasibət bildirmədikdə məsuliyyət daşıyırlar.

Məşvərət Allahın razılığını qazanmaq məqsədilə insanların xeyri üçün edilməlidir. Dəbdəbəli məkanlar, ləziz yeməklərlə dolu süfrə arxasında edilən məşvərət ordakılara psixoloji təsir edir, onlarda fikir dağınıqlığına səbəb olur. Buna görə də məşvərət olunan yeri seçərkən bunlara diqqət etmək lazımdır.

Mümkündür ki, məşvərətdə hamının fikri eyni olmasın. Belə vəziyyətlərdə əksəriyyətin qənaətinə görə əməl etmək lazımdır. İstər hamılıqla, istərsə də əksəriyyətin fikrinə görə qərar verilsin, qərar qəbul edildikdən sonra ona zidd hərəkət eləmək və alternativ fikirlər söyləmək doğru deyil.

Məşvərəti ehtiyac olduqda etmək lazımdır. Nə vaxt edilməsi haqqında hər hansı ayə və ya hədis yoxdur. Bundan əlavə məşvərəti ancaq tabeliyində olanlarla yox, başqaları ilə də məşvərət edilə bilər. Bu xüsusda konkret bir qayda yoxdur.