"Biri bıçağı qarnına soxdu, biri qolunu doğradı..."


Digərləri 04 Mar 2018 12:19:28 313 0

"Biri bıçağı qarnına soxdu, biri qolunu doğradı..."

Təxminən üç həftə əvvəl Bakının ən ucuz və eyni zamanda ən kriminallaşmış bazarı hesab edilən, xalq arasında "Vosmoy bazarı" kimi tanınan 8-ci kilometr Ticarət Mərkəzində yüzlərlə ticarətçinin piştaxtaları dağıdılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu Ticarət Mərkəzi ilə "Ramal" Ticarət Mərkəzini ayıran küçə boyu sağda-solda uzun illərdir fəaliyyət göstərən piştaxtaları dağıdaraq ticarətçiləri küçəyə atıblar. Təxminən 300-ə yaxın piştaxtanın dağıdıldığı, malların küçəyə səpələndiyi, ticarətçilərin isə döyüldüyü bildirilir.

Bazardan qovulan  ticarətçilər bir müddət əvvəl etiraz əlaməti olaraq Nizami Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd etsə də, polis aksiyanı dağıdıb.

Bu bazarda baş verənləri yerində araşdırmaq jurnalist üçün elə də asan məsələ deyil. Əvvəllər də müxtəlif mövzularla bağlı "Vosmoy bazarı"ından reportajlar hazırlamışıq və hər dəfə də özümüzü bazarda yox, sanki hansısa qapalı hərbi bazada hiss etmişik. Əlində mikrofon, diktafon, yaxud fotokamera olan kimsə bazarın ərazisinə daxil oldusa, dərhal kriminal görkəmli mülki geyimlilər tərəfindən təqib başlanır. Bazarda çəkiliş aparmağa, ticarətçilərlə söhbətləşməyə əngəl yaradılır. Ticarətçilər də "başlarının ağrımaması üçün" danışmaq istəmir, adlarını deməkdən imtina edir  və fotolarının çəkilməsinə icazə vermir.

İndi də belə oldu və bazarda təxminən üç həftə əvvəl baş verənlər barədə ticarətçilərdən bir-ikisini danışmağa razı sala bilmək üçün çox dilə tutmalı olduq.

Obyekti sökülən şəxslərin virtualaz.org-a bildirdiklərinə görə, hələ də bazarda gərgin ab-hava var. Ticarət mərkəzi polis əməkdaşlarının xüsusi nəzarəti altındadır. Onlara obyekti sökülən ticarətçiləri bazara buraxmamaq tapşırığı verilib.

"Təxminən 20 gün öncə 300-ə yaxın adamı bazardan qovub çıxarıblar. Qəfil hücum çəkdilər. Deyirdilər yolu genişləndiririk, təmizləyirik, çıxın. Vəd verirlər ki, guya "Neftçilər" metrosundan bazara qədər ərazidə yaşıllığı qırıb tikdikləri yeni ticarət obyektində bizə yer verəcəklər. Hələ orada tikinti gedir, neçə ilə başa gələcəyi də bəlli deyil. Biz bilirik ki, bu yalandır, heç kimə orada obyekt verilməyəcək. Əsl məqsədləri nədir bilmirik. Bilmirik yuxarıda - bazar rəhbərliyində kimə pul çatmır. Burada camaata zülm edirlər, 1 manat çörək puluna görə süründürürlər. Hətta həyatından bezib canına qıyanlar da olub. Bir nəfər qollarının damarlarını doğrayıb, biri də bıçağı qarnına soxub intihar etmək istəyib", - deyə ticarətçilərdən biri adının çəkilməməsi şərtilə bildirir.