Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb


Sosial 03 Mar 2018 12:10:27 251 0

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq

Azərbaycanda istirahət gününə, martın 4-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14, bəzi yerlərdə 18, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, martın 4-də arabir güclənən gilavar küləyinin martın 05-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.