Avropa Komissiyasının energetika sahəsində islahatlara ayırdığı 13 mln. avronun istifadəsi üzrə Tədbirlər Planında dəyişikliklər edilib


İqtisadiyyat 03 Mar 2018 06:08:01 325 0

Avropa Komissiyasının energetika sahəsində islahatlara ayırdığı 13 mln. avronun istifadəsi üzrə Tədbirlər Planında dəyişikliklər edilib

İslahatlar Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək

Nazirlər Kabinetinin “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Tədbirlər Planının “4. Tədbirlər” bölməsinin 5-ci hissəsi aşağıdakı redaksiyada verilib:

Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadə-sində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi

Əsas komponentlər:

5.1. mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının hazırlanması;

5.2. elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması;

5.3. energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması;

5.4. ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması

İslahatlar Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək.