Eyni məhsul, müxtəlif dükanlar, fərqli qiymət


Digərləri 02 Mar 2018 23:02:00 252 0

Eyni məhsul, müxtəlif dükanlar, fərqli qiymət

Xidmət, məkan və sahibkar xərclərinin eyni olmaması bir məhsulun ayrı-ayrı yerlərdə müxtəlif qiymətə təklif olunmasının əsas səbəbidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yəqin ki, bir çoxunuz sizinlə eyni ayaqqabını, köynəyi geyinən və ya eyni çantanı götürən birini gördükdə, dərhal yaxınlaşıb həmin məhsulu haradan və neçəyə aldığını soruşmaq istəyirsiniz. Məsələnin ən maraqlı məqamı isə qarşı tərəfin həmin məhsulu sizdən kifayət qədər ucuz qiymətə aldığını söyləməsi ola bilər. Bu situasiya eyni ilə mənim də başıma gəlib. 

Bir tədbirdə qarşılaşdığım rəfiqəmlə təsadüfən ayaqqabılarımızın eyni olduğunun fərqinə vardıq. Və bu an təbii ki, içimdəki maraq hissi ilə ondan ayaqqabını neçəyə aldığını soruşdum. Həmin an eşitdiyim rəqəm həqiqətən məni şok etdi. Nə az, nə çox, arada 20 manatlıq fərq vardı. Mənim 60 manat verdiyim ayaqqabını o, 40 manata almışdı. Yəqin bir çoxumuz razılaşar ki, 20 manat elə də kiçik bir məbləğ deyil. Ona görə də qərara gəldim ki, bu dəfəki yazımda eyni məhsulların satışındakı qiymət fərqinin səbəbini araşdırıb, ekspertlərin fikirlərini öyrənim.  

Eyni məhsul, eyni mağaza, fərqli qiymət

Bazarda eyni məhsulun fərqli qiymətlərə satılmasının normal hal olduğunu deyən "AzMarketinq MMC"-nin marketinq direktoru Seymur Quliyev bildirir ki, bu fərqliliyə təsir edən faktorlar çoxdur: "Nəzərə almalıyıq ki, satış qiymətləri əsasən pərakəndə mağazalarda formalaşır, çünki son müştəri ilə təmasda olan paylama kanalı pərakəndə satıcıdır. Əvvəlcə onu da qeyd edim ki, bir məhsulun eyni mağazada fərqli qiymətə satılması ilə eyni məhsulun başqa mağazalarda müxtəlif qiymətlərə satılması ayrı-ayrı yanaşmalardır. Eyni məhsulun eyni mağaza tərəfindən fərqli qiymətlərə satılması dərəcələndirmə əsasında yaranan qiymətdir və hər müştəriyə, günün saatına, alınacaq miqdara görə fərqli ola bilər. Məsələn, kino biletlərinin günün ayrı-ayrı saatlarında, müxtəlif müştəri kütləsinə (ailə, qrup, komfort zona) fərqli qiymətə satılması və s. kimi situasiyalar buna misal ola bilər. Burada satan və satılan məhsul eynidir, amma müəyyən amillərdən asılı olaraq fərqli qiymətlərə satılır".  

İşçi sayı, əməkhaqqı, kommunal xərc, iş saatı, göstərilən xidmət...

Müsahibimizdən eyni məhsulun ayrı-ayrı mağazalarda fərqli qiymətə satılmasına təsir edən faktorları soruşduq: "Eyni məhsulu müxtəlif satıcıların fərqli qiymətə satmağı bir az daha təfərrüatlıdır. Bəzən elə hallar olur ki, eyni küçədə bir-birinə yaxın olan iki geyim mağazası eyni məhsulu fərqli qiymətə təklif edir. Mağazanın ödədiyi kirayə haqqı buna təsir edən amillərdəndir. Burada ödənilən məbləğ mağazanın böyüklüyündən, daxili və xarici interyerindən asılıdır. Həmçinin işçinin sayı və ödənilən əməkhaqqı, satış nöqtəsinin istifadəsi üçün ödənilən kommunal xərclər də rol oynayır. Mağazada işçilərin neçə saat işləməsi və iş saatına görə xərclərin artıb-azalması, satış zamanı müştəriyə göstərilən xidmətdə fərqlilik (məhsulun daşınması üçün verilən paketin keyfiyyəti və ya satış zamanı müştərinin özünü xüsusi hiss etməsi üçün edilən xidmətlər), məhsulların satış nöqtəsinə çatdırılma, stok və anbar xərci, məhsulun satılmaq üçün alındığı qiymət və s. kimi faktorların qiymətə təsiri olur".

"Yüksək qiymət yüksək keyfiyyət" düşüncəsi 

S.Quliyev deyir ki, bütün bu faktorları nəzərə alsaq, eyni məhsulu ayrı-ayrı satıcıların niyə fərqli qiymətə satdığı aydın olar: "Müştəri kimi yanaşarkən qərar vermə zamanı keyfiyyət və qiymət faktoruna nəzər yetiririk. Bu, məhsulu aldığımız mağazaların iş prinsipi, xərc bölgüsü haqqında tam məlumatlı olmadığımız üçün baş verir. Mağazalar bəzən bundan sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırıb, müştərinin zehnini zəbt etmiş "yüksək qiymət, yüksək keyfiyyət" düşüncəsindən bəhrələnir. Amma bəzən bunun əksi də olur. Yəni bəzi müəssisələr rəqiblərindən fərqlənmək üçün qiyməti bir az daha ucuz edir və müştəri cəlb etməyə çalışır". 


Xəbərə aid fotolar