Rusiya Dövlət Dumasının sədri Oqtay Əsədova başsağlığı verib


Siyasət 02 Mar 2018 17:32:00 331 0

Rusiya Dövlət Dumasının sədri Oqtay Əsədova başsağlığı verib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıda Respulika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Milli Məclisin sədri Oqtay Əsədova başsağlığı verib.

Son.az xəbər verir ki, Trend bu barədə Dövlət Dumasının saytına istinadən məlumat verir.

V.Volodin Dövlət Dumasının deputatları adından başsağlığını çatdırıb:

"Biz Respulika Narkoloji Mərkəzindəki yanğın nəticəsində ölənlərin olması ilə əlaqədar kədərləndiyimizi ifadə edirik. Həlak olanların yaxınlarına başsağlığımızı ifadə edir, xəsarət alanlara şəfalar diləyirik".

Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.