Sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi" ilə bağlı təlim keçirilib (FOTO)


Digərləri 02 Mar 2018 11:33:00 176 0

Sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi" ilə bağlı təlim keçirilib (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi"nin doldurulması qaydalarının izah olunması üçün təlimlərə start verilib.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi"nin doldurulması qaydalarının izah olunması üçün təlimlərə start verilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, təlimdə İİTKM-in bir neçə departamentinin rəhbəri "Vahid İxrac Ərizəsi"nin faydaları, əhəmiyyəti və istifadə qaydaları haqqında sahibkarlara məlumat verib. Bildirilib ki, bu yeni xidmət dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur. İİTKM-in Strateji Araşdırmalar və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn Azərbaycanın ixrac perspektivli hesab edilən məhsullarına dair analitik məlumatlar təqdim edib. "Azexport" portalının rəhbəri Zaur Qardaşov sahibkarlara dəstək istiqamətində aparılan iqtisadi islahatlar və ixraca mövcud dəstək mexanizmləri barədə danışıb. O əlavə edib ki, onlayn vahid ixrac ərizəsi sahibkarların ixrac üçün işini asanlaşdıracaq. Respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Həm də sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur-sahibkar təmasını minimuma endirəcək. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə isə ixracatçı sahibkarlara yaradılan şərait barədə məlumatlar verərək bildirib ki, Vahid İxrac Ərizəsi ilə sənədlərin icra müddəti də bir neçə dəfə azalacaq. Daha sonra "Azexport" portalının meneceri Ayxan Qədəşov sahibkarlara onlayn vahid ixrac ərizəsinin doldurulması qaydalarını izah edib. Sahibkarların sualları cavablandırılıb.