Bakıda dərsə vertolyotla gedən müəllim: Gənc xanımın heyrətamiz həyatı FOTO


Digərləri 02 Mar 2018 10:26:00 304 0

Bakıda dərsə vertolyotla gedən müəllim: Gənc xanımın heyrətamiz həyatı  FOTO

Yaşadıqları yerlərdən uzaqlarda, ucqar kəndlərdə dərs deyən xeyli müəllimlər tanıyırıq.

Onlar min bir çətinliyə qatlaşaraq, pedaqoji fəaliyyətini davam etdirirlər, gələcək üçün kadr yetişdirilər.

Son.az azedu-ya istinadla bildirir ki, "Bizdən uzaq müəllimlər" layihəsində təqdim olunan müəllim isə təkcə uzaqda yaşamasıyla fərqlənmir... O, az qala, nağılvari bir yerdə, Xəzər dənizində yerləşən Çilov adasında dərs deyir. Təsəvvür edin, hər dəfə çalışdığı məktəbə ya gəmi, ya da vertolyotla gedir.

Məlumat üçün bildirək ki, Çilovun ərazisi 11,5 km²-dir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60-70 km-lik dəniz yolu var. Məskunlaşma səsasən adanın şərqində Çilov qəsəbəsindədir. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. Müxtəlif vaxtlarda əsasən hasilatın yüksək olduğu zamanlar adanın əhali sayı 2400 nəfər təşkil edib. Qəsəbədə 131 saylı məktəb, 50 yerlik uşaq baxçası fəaliyyət göstərir. İnsanların əylənməsi üçün 2010-cu ildə kiçik meydança istifadəyə verilib. Burada tibbi-stosianar məntəqə də var. Əhalinin həyətyanı sahələrində mal-qara, qoyun-keçi, toyuq-cücə saxlanılır. Hətta burada az miqdarda meyvə ağacları və üzüm tingləri mövcuddur.

Müsahib Səmədova Aysel Camo qızı yuxarıda adıçəkilən 131 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir.

İlk dərsə aparan gəmi

- Sumqayıt şəhərində yaşayıram. Sumqayıt şəhər Həzi Asanov adına 22 saylı tam orta məktəbinin məzunuyam. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi üzrə təhsil almışam. 2015-ci ildə müəllimlərin işə qəbul imtahanında 47 bal topladım. Ada məktəbində vakant yer olduğunu öyrənib, sənədlərimi Təhsil Nazirliyinə yolladım. Lazımı qədər bal yığdığım üçün məni vakant yerə müddətli müqavilə ilə işə dəvət etdilər. Adaya ilk dəfə getdiyim gün mənim üçün çox həyəcanlı gün idi. Heç vaxt evdən ayrı qalmamış biri üçün tanımadığı bir yerə, özü də dənizin ortasına getməsi çox həyəcanverici idi. İlk səfərim gəmi ilə olmuşdu. Sumqayıtdan gəmiyə qədər dördsaatlıq yol gəlmişdim. Sonra iki saat yarım da gəmi ilə getdim. Özü də küləkli havada... Düzü, inanmırdılar ki, burada çox qalıb işləyə bilərəm. Ən azı, gəliş-gedişə görə belə düşünürdülər. Elə ilk dəfədən hiss etdim ki, bura əsl mənim müəllim kimi işləmək istədiyim yerdir. İnsanların, müəllim kollektivi və  şagirdlərin mehriban, xoş qarşılamağı məni daha da ruhlandırdı.

Uzaq, yaşıl ada...

İyunda müddətli müqaviləm başa çatdı və yenidən MİQ-də iştirak etdim. Lazımı keçid balını toplayıb, bu dəfə müddətsiz müqavilə ilə işə qəbul olundum. Beləcə, artıq üçüncü ildir ki, burada işləyirəm. Bu məktəbdə neft sahəsində çalışan  işçilərin uşaqları təhsil alır. Mən ada məktəbində işlədiyimi deyəndə çox insanın bura ilə bağlı məlumatının olmadığının şahidi oluram. Amma bura da digər yerlər kimidir; adada iki xəstəxana, yeməkxana, asudə vaxtlarımızı keçirmək üçün idman klubu, mədəniyyət evi fəaliyyət göstərir. Yaşadığım ev isə məktəbin yaxınlığında yerləşir. Həmin mənzildə müəllim yoldaşlarımla birgə qalırıq. Bizim mənzil-kommunal ehtiyaclarımızı "28 May" NQÇİ təmin edir. Məktəbin kollektivi, 28 May NQÇi-nin idarəsinin əməkdaşları ilə daim əlaqəli şəkildə fəaliyyət göstərir. Məktəbin təmir işlərində "28 May NQÇİ" bizə yaxından köməklik göstərir.

Ada məktəbi

Məktəbimiz bir neçə il əvvəl əsaslı təmir edilib, lazımı avadanlıqlarla təmin olunub. Elektron lövhələr, kompüter, fasiləsiz internet, kitabxana  da şagird və müəllimlərin ixtiyarındadır. Qış mövsümündə istilik sistemi də fasiləsiz işləyir.  Bir sözlə,  məktəbdə yüksək səviyyədə dərs keçmək üçün hər cür şərait var. Buradakı hər fənn müəllimi öz ixtisası üzrə kifayət qədər güclü mütəxəssisdir. 14 ildən çoxdur ki, məktəbimizin direktoru  Rafail Musayevdir. O, kollektivin hər üzvünə qarşı qayğıkeş dost münasibəti bəsləyir. Tələbkar  insandır, amma bütün bunları işin xətrinə, məktəbdə nizam -intizamın yüksək olması naminə edir. Onun mənə qarşı qayğı və diqqəti isə xüsusidir. Axı mən bu kollektivə yenicə qoşulmuşam. Əlindən gələni edir ki, heç bir çətinliyim olmasın. Şagirdlərin ingilis dilini yüksək səviyyədə öyrənməsində isə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahbaba Paşayev mənə yardımçı olur. Onun özü də ingilis dili müəllimidir. Onu da qeyd edim ki, Çilov adası üzrə qəsəbə nümayəndəsi İlham İbrahimov bizim kollektivin dostudur, bütün məktəb tədbirlərində iştirak edir. Kollektiv üzvlərinin problemlərinin həll olunmasına çalışır.

Dalğadan dərsə

Müsahibdən adaya gəldiyi ilk gün haqqında soruşuruq. İlk dəfə gəmiyə minərək dərsə gələn müəllim kimi o, bəlkə də, bir ilkə imza atıb. Amma bu hələ harasıdır ki?! Qarşıda onu vertolyotla səfərlər də gözləyəcəkdi. Amma 2015-ci ilin 12 oktyabrında, yəni ilk dəfə dərsə gələndə hələ bunun fərqində deyildi:

- Adaya gəldiyim ilk gün indiki kimi yadımdadır: oktyabrın 12-si... Məni limanda Şahbaba müəllim qarşılayıb, adaya getmək üçün lazım olan vəsiqəni verdi. Payız fəsli olduğundan hava küləkli idi. İlk gəlişim gəmi ilə olmuşdu. Çilova çatanda isə məni məktəbin direktoru Rafail müəllim qarşılayıb qalacağım evə apardı. Bu gün də həmin evdə, ikimərtəbəli binanın ikinci mərtəbəsində qalırıq. Orada həm iş, həm otaq yoldaşlarım olan Tahirə və Zemfira müəllimlərlə görüşdüm. Həm məktəbin müdiriyyəti, həm də otaq yoldaşlarımın  mehriban qarşılamaqlarından çox ruhlandım. Növbəti gün Rafail müəllim məni məktəblə tanış edib, kollektivə təqdim etdi. Xahiş etdi ki, bütün müəllimlər mənə qarşı mehriban və qayğıkeş münasibət göstərsinlər. Həmçinin, özü də heç zaman mənə qayğısını əsirgəmədi. Şagirdlərlə tanış oldum. Onların mənə qarşı isti münasibəti, gəlişimə sevinmələri məni də çox sevindirdi.

Vertolyotla dərsə tələsənlər...

- Aysel xanım, adadan, oranın məktəbi və insanlarından razısız. Bəs belə yerdə işləməyin ən çətin tərəfi nədir?

- Çilov adasında işləməyin ən çətin problemi odur ki, gediş-gəliş xeyli mürəkkəbdir. Xeyli problemlərlə müşayiət olunur. Havalar əlverişsiz olanda, külək şiddətlənəndə dənizdə qasırğa olduğu üçün gəmilərin hərəkəti məhdudlaşdırılır. Bu zaman biz adaya helikopterlə gəlirik. Helikopterin hərəkəti məhdud olduğu üçün onunla gəlməyimiz də çətin olur. Belə hallarda direktorumuz Rafail müəllim "28 May" NQÇİ rəhbərliyinə müraciət edib müəllimlərin heliopterlə gediş-gəlişinə razılıq alır.

- Maraqlıdır, ilk dəfə vertolyota minəndə nə hisslər keçirdiniz? Sinif otağının qapısı açılır və siz  daxil olursunuz. Şagirdlər fərqindədirlərmi ki, siz o qapını açmaq üçün vertolyotla dəniz üstündən uçursuz?

- Mən əvvəllər nə gəmi, nə də helikopterlə səyahət etmişdim. Sözün düzü, ilk vaxtlar qorxurdum da. Ağlıma gəlirdi ki, dənizdir, birdən nəsə hadisə baş versə, nə edəcəyimi bilməyəcəyəm. Sonra bütün bunlar mənim üçün tədricən adi hal almağa başladı. Helikopterə minmək mənim üçün həm həyəcanlı, həm də əyləncəlidir. Dənizin üzəri ilə uçmaq, yuxarıdan onun möhtəşəm mənzərəsini seyr etmək çox gözəl bir hissdir. Həm də hava yolu ilə gəlmək vaxt baxımından da əlverişlidir. Helikopterlə 15-20 dəqiqəyə gəldiyim yolu, gəmi ilə 2-2,5 saata başa vururuq.


Xəbərə aid fotolar