Keçmiş SSRİnin xüsusi təyinatlı azərbaycanlısı FOTO


Digərləri 02 Mar 2018 05:30:00 310 0

Keçmiş SSRİnin xüsusi təyinatlı azərbaycanlısı  FOTO

Rəsul Məmmədov: "Çalışmışam ki, hər yerdə özümü idmançı kimi yox, insan kimi təqdim edim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, insanın içindəki qayə sevgi olmalıdır. Ailəyə, vətənə, cəmiyyətə, işə - hər şeyə sevgi ilə yanaşmaq lazımdır. Çünki vicdan və sevginin azlığı cəmiyyətdə boşluq yarada bilər. Bununla yanaşı, düşünür ki, insan daima oxumalı, öyrənməli, inkişaf etməlidir. Əgər insan mütaliə etməsə, intellekt səviyyəsi məhv olacaq. Müsahibim Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin fiziki hazırlıq bölməsinin əməkdaşı Rəsul Məmmədovdur. O, hazırda Ədliyyə Nazirliyinin xüsusi təyinatlı dəstəsində əlbəyaxa döyüş üzrə baş məsləhətçi və təlimçi-müəllim vəzifəsində də çalışır.   

"75-ci dəstədəki yeganə azərbaycanlı"

Qeyd edim ki, Rəsul Məmmədov 1970-ci ildə Gəncə şəhərində  anadan olub. Orta təhsilini Gəncədə alan müsahibim Elektron Sənayesi Texnikumunu bitirib. Ali təhsilini isə Ukraynada Pedaqoji İnstitutda  qiyabi formada alıb: "Səkkiz yaşımdan idmanla məşğul oluram. 1988-90-cı illərdə Macarıstanda Sovet ordusunun hərbi-desant qoşunlarının xüsusi təyinatlı qrupunda xidmət etmişəm. Sovet dövründə ordunun bu növü məxfi sayılırdı. Qarabağ müharibəsinin könüllü iştirakçılarından biri kimi Xanlar batalyonunda vuruşmuşam. Əsgərliyə getməzdən əvvəl  cüdo və sambo idman növləri üzrə dərəcəm var idi. Bildiyiniz kimi, karate o dövrdə qadağan edilən idman növü sayılırdı. Ancaq mən 14 yaşımda müəllimlərimdən gizli olaraq pullu dərs alırdım.  Dörd il də karate ilə məşğul oldum. Əsgərliyə getməzdən əvvəl hərbi-desant qoşunlarında xidmət etmək istəyirdim. İndi adətən, bu qoşunlara qəbul olunmaq üçün idmançı olman kifayət edir. Amma o dövrdə tələblər çox idi. Orduya qəbul zamanı  sənin təkcə idman qabiliyyətlərinə baxmırdılar. Mənim boyum tələb olunan standartdan aşağı idi deyə, qəbul etmək istəmirdilər. Buna görə də hərbi komissarlığa dəfələrlə ərizə yazdım. Onlar mənim idmandakı nailiyyətlərimlə yanaşı, məktəbi yaxşı qiymətlərlə başa vurduğuma və yazdığım ərizələri də nəzərə aldılar. Mən 75-ci xüsusi təyinatlı dəstədə qulluq etmişəm. O dövrdə Qafqaz və Orta Asiya xalqlarının  dəstədə qulluq etməsinə məhdudiyyət qoyulmuşdu. Bunun üçün sən mütləq hansısa sahə üzrə mütəxəssis olmalı idin. Rus dilinə xüsusi önəm verilirdi. Mən özüm rus dilli ailədə böyümüşəm. Anam ukraynalı olduğundan evdə rus dili çox işlənirdi. Buna görə də mənim dillə bağlı  bir problemim yox idi. Orada olanda mənə dedilər ki,  sən  burada olan yeganə azərbaycanlısan. Dəstədə qulluq edən 110 nəfərdən 17-si ukraynalı, qalanları rus idi. Biz Macarıstana gedəndə təyyarədə 154 nəfər adam var idi. Təyyarədən enəndə hamını apardılar, məndən başqa. Bir sutka gözləməli oldum. Ardımca  xüsusi adam göndərildi. Baxdılar ki, mənim boyum balacadır və etiraz etdilər. Əl çəkmədim və bildirdim ki, mənə icazə veriblər. Hərbi hissəyə aparıldım və hərbi desant qoşunlarının rota komandir ilə söhbət etdik. Komandir Əfqanıstanda xidmət etmişdi. Söhbət zamanı bildirdi ki, döyüşlərin birində hamı onu qoyub qaçıb, yalnız  Azərbaycanın Ağdam rayonundan olan bir nəfərdən başqa. Komandirin də həyatını məhz o ağdamlı xilas edib. O gündən bəri  azərbaycanlılara xüsusi hörmət bəslədiyini söylədi. Bildirdi ki, əgər sənin parametrlərin orduya yarayacaqsa, burada qalacaqsan, əks halda geri qayıdacaqsan Orada qulluq etmək bir çoxları üçün fiziki cəhətdən çətin gəlsə də, mənim üçün asan idi".    

"Pianino çalmağı bacaran hərbçi"

Həmsöhbətim deyir ki, orduda xidmət edərkən ciddi problemlərlə rastlaşmayıb: "Heç vaxt uyğunlaşmaq, yoldaşlarımla dil tapmaq problemi yaşamamışam. Çünki hər şey qarşılıqlı münasibətdən və insanın özündən  asılıdır. Bəzən ideal olmayan və fərqli təbiətli insanları cəmiyyət sındırmağa çalışır. Mənə görə, kiminsə cəmiyyətə ziyanı yoxdursa, onun nə etdiyi şəxsi işidir. Əsas odur ki, insanın işə və insanlara ziyanı olmasın. Biz çox vaxt insani keyfiyyətlərlə peşəkarlığı bir-biri ilə qarışdırırıq. Bəzən balaca bir şeyi o qədər böyüdürük ki, həmin insanın peşəkar fəaliyyətindən yararlana bilmirik. Mənim 47 yaşım var və indiyə kimi xeyli ölkələrdə olmuşam. Dünyanın bir çox ölkələrində xeyli dostlarım yaşayır. Çalışmışam ki, hər yerdə özümü idmançı kimi yox, insan kimi təqdim edim. Hərdən deyirlər ki, ruslar şovinist olurlar. Onlarla dil tapmaq mümkün deyil. Mənə görə, qarşındakı nə qədər şovinist insan olsa belə, hər kəsin içində insanlıq var. Şərq fəlsəfəsində deyilir ki, hər bir kəs özlüyündə iki hissəyə bölünür. Yəni onun yaxşı və pis, qaranlıq və işıqlı, pak və çirkin tərəfləri var. Sən hansına üstünlük versən, o birinə qalib gələcəksən. Düzdür, ideal  insan heç yerdə yoxdur. Hamının içində bir pislik yatır. Əgər biz ona aldansaq, o bizə qalib gələcək. Qəlbindəki pislik yaxşılığa  qalib gəldiyi zaman, insan cəmiyyətin aşağı təbəqəsinə düşür. Mən ümumiyyətlə imkan vermirəm ki,  kimsə mənə psixoloji təsir etsin. Orduda bizim həm fiziki, həm də psixoloji sağlamlığımıza diqqət yetirilirdi. Hər bazar günü filmlərə baxır, ekskursiyalara gedirdik. Həmçinin qidalanma rejimimizə xüsusi diqqət ayrılırdı. Bu, mənim gələcək həyatıma çox təsir etdi. Əsgərlik mənə orta və ali məktəbdən də çox təsir edib. Orada mənə çox şey öyrətdilər. Hərdən deyirəm ki, imkanım olsa 10 dəfə də təkrar gedib qulluq edə bilərəm. Orada vaxtilə tanıdığım bir çox adamlarla indi də dostluq edirəm. Orduda xidmət edərkən karantin dövründə cəmi bir dəfə münaqişəm olub. Bir dəfə yemək zamanı bir nəfər başqa bir əsgərin qabına toxunaraq supu dağıtdı. O da götürüb stolu çörəklə təmizlədi. Mən etiraz edib dedim ki, çörəklə stol silməzlər. Çörək əski deyil. O, mənə dedi ki, səsini kəs. Cavabını verəndə, məni vurdu və kisel üstümə töküldü. Dözməyib stolun arxasından qalxıb onu yerə çırpdım. Bizi araladılar və  ikimizi də zala apardılar. Bütün bölük yığıldı və komandir dedi ki, özünüzü güclü hesab edirsinizsə, burada dalaşın. Sabah gedib başqa yerdə tutuşmaqdansa, hamının gözü qabağında dalaşın və söhbət bitsin. Əsəblərimiz sakitləşdiyinə görə, ikimiz də dava edə bilmədik. Biz həmin adamla indi də dostuq. Olub ki,  kimsə "qara millət" deyib. Mən ona sübut etmişəm ki, azərbaycanlılar "qara millət" yox, intellektual millətdi. Çünki mən özüm küt idmançı deyildim.  Rusların adət-ənənələrini özlərindən yaxşı bilirdim. Orduda kiməsə məktub yazmaq lazım olanda, deyirdim ki, ver mən yazım. Pianino üzrə 7 illik təhsilim var idi. Onlar görürdülər ki, azərbaycanlı olsam da, idmançı olmaqla yanaşı, digər qabiliyyətlərim və təhsilim də var. Hərdən məəttəl qalırdılar ki, idman hara, pianino hara. Ona görə mənim uyğunlaşmaq problemim olmayıb. Orada tanıdıqlarımın əksəriyyəti ilə sıx əlaqəmiz var. Bəziləri ilə internet vasitəsilə əlaqə saxlayarıq. Hər il 2 avqust Hərbi Desant Qüvvələri Günü kimi qeyd edilir. Harada keçirilməyindən asılı olmayaraq, hər il bu tədbirə qatılmağa və dostlarımı görməyə çalışıram".     


Xəbərə aid fotolar