Faiq Babanlı: "Yeni Qvineyada adamyeyən qəbilələr var. Onlarla ov edəcəyəm"


Digərləri 02 Mar 2018 00:30:00 459 0

Faiq Babanlı: "Yeni Qvineyada adamyeyən qəbilələr var. Onlarla ov edəcəyəm"

Azərbaycana turist axını gücləndikcə, turizm sahəsi üzrə yeni istiqamətlərin yaranması zərurətə çevrilir. Maraqlıdır, Azərbaycanda ovçuluq turizmini də inkişaf etdirmək üçün əlverişli şərait varmı?

Son.az xəbər verir ki, bununla bağlı dünya şöhrətli peşəkar ovçu, Safari Ov Klubu Azərbaycanın rəhbəri Faiq Babanlı AZƏRTAC-a bildirib ki, ölkəyə turist axınını artırmaq üçün ov əsas vasitələrdən biridir: "Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur və bu iş hökmən dövlət nəzarəti altında görülməlidir. Çünki ov hər hansı heyvanın qırılıb yox olmasına gətirib çıxara bilər. Misal üçün Keniyada ov etməyə icazə verilmir. Heyvan çoxdur, amma ov yoxdur. Peşəkar ovçu hər qarşısına çıxan heyvanı vurmur. O seçib heyvanın ən qocasına güllə atır. Xaricdən gəlib ov etmək istəyən qonağı biz müşayiət edirik. Ona istiqamət veririk ki, hansı heyvanı vurmaq olar və ya olmaz. Özümüz də hansısa ölkəyə gedəndə ov üçün hər heyvan növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş edirik".

Faiq Babanlının fikrincə, Azərbaycanda elə heyvanlar var ki, onların çoxluğu təhlükəlidir: "Canavarların çox olması ölkəmizdə təhlükə yaradır. Eyni zamanda, çaqqalların və yenotların da azaldılması mütləqdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin verdiyi məlumata görə, canavarlar maralları və dağkeçilərini yeyirlər. Bu da həmin heyvanların təbii artımının qarşısını alır. Canavarları da tələ qurmaq və ya zəhərli dərmanlarla yox, ancaq ov üsulu ilə azaltmaq olar. Çünki ovçu gözlə görüb vurur".

Onun sözlərinə görə, Azərbaycanda ovçuların peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac var: "Azərbaycanda ovçuluq tam dövlət nəzarəti altında olmalıdır. Məqsədimiz pərakəndə ovçuluq məsələsini aradan qaldırmaqdır. Buna görə də ovçuların peşəkarlaşmasına çalışırıq. Həmçinin ölkəmizdən xaricə ov təşkil edirik. Həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib dünyaya yayırıq. Biz dünyada Safari Ov Klubu Azərbaycan (safari.az) adı ilə tanınırıq. Müxtəlif beynəlxalq ov cəmiyyətlərinin tədbirlərində iştirak edirik. Fəaliyyətimiz dəfələrlə qiymətləndirilib və bu günlərdə ABŞ-da Beynəlxalq Ov Cəmiyyəti tərəfindən təltif edildik".

O deyib ki, peşəkar ovçunun əsasən güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır: "Bunlar ovçunun cəngəllikdə ovlanmaması üçün ən vacib faktordur. Onun ərazisinə düşəndə heyvan dəqiq bilir ki, sən haradasan. Çünki buralar onun arealıdır. Mən hər şeyi hissiyyatla görürəm. Əgər mən nəyi isə hiss etdimsə, heç kim mənim fikrimi dəyişə bilməz. İkincisi, peşəkar ovçu ürəkli olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var".