Axundovun yaradıcılığı yeni üslubda


Digərləri 01 Mar 2018 20:19:38 231 0

Axundovun yaradıcılığı yeni üslubda

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yeni nəsil” layihəsi davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu) hazırlanmış Mirzə Fətəli Axundovun “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası göstərilib. Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O, öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (1850) komediyasıdır. "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.